AZAL Cenevrəyə ilk çarter reysini həyata keçirib







Oktyabrın 30-da "Azərbaycan Hava Yolları” (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, AZAL aviaşirkəti və aeroportun rəhbərliyinin, diplomatik idarələr və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib.

Açılışda çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, ötən həftələrdə İsveçrənin Turizm Agentliyi ilə Azərbaycan Turizm Agentliyi arasında saziş imzalanıb. Sazişə əsasən hər iki ölkənin şəhərlərinə turistlərin cəlb olunması nəzərdə tutulur. Bu gün açılan çarter reysi də turistlərin cəlbi üçün bir vasitədir.

Diplomat qeyd edib ki, bu çarter reysləri biznes əlaqələrinin inkişafına da öz töhfəsini verəcək.

Qeyd edək ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik "Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin "www.azal.az" saytında bronlaşdırmaq və əldə etmək mümkündür.