Azərbaycan Avropanı qazla təmin edə bilərmi ? -CAVAB




"SOCAR prezidentinin açıqlaması həqiqəti əks etdirir”.

Bunu Sherg.az-a SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan digər tədarükçülərlə birgə Avropanın qaza olan tələbatını ödəməyə hazırdır” açıqlamasını şərh edərkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

O bildirib ki, son 2 ildə Azərbaycanda ümumi qaz hasilatında azalma müşahidə olunsa da, bu müvəqqəti xarakter daşıyır:

"Hasilatın azalması iki faktordan qaynaqlanırdı. Birincisi, "Azneft" İstehsalat Birliyində qaz hasilatının aşağı düşməsi və ikincisi, "Azəri-Çıraq-Günəşli" müqaviləsi çərçivəsində Azərbaycan tərəfinə verilən səmt qazı həcmlərinin azaldılmasıdır. Çünki müqavilə sahəsində neft hasilatının stabilləşdirilməsi üçün quyulara daha çox qaz vurulur. Ancaq bir şeyi nəzərə almaq gərəkdir ki, Azərbaycan xarici tərəfdaşları, əsasən də Türkiyədə və Avropadakı istehlakçılar qarşısında öhdəliklərini "Şahdəniz" yatağından çıxan qaz hesabına ödəyəcək. Bununla bağlı 25 illik qaz alqı-satqısına dair müqavilə 2013-də imzalanıb və 2018-ci ildən icra olunmağa başlayacaq.

Kimdə şübhə doğura bilər ki, Azərbaycan bu öhdəlikləri yerinə yetirə bilməyəcək? Bu sualı yalnız o kəslər verə bilər ki, sadəcə ölkənin qaz layihələri barədə dolğun informasiyalara malik deyillər. 

Belə ki, "Şahdəniz-2” layihəsi çərçivəsində 16 mlrd kub/metr qaz hasil ediləcək və bunun 6 milyardı Türkiyəyə, 8 milyardı İtaliyaya, və 1 milyard kub/metr olmaqla Bolqarıstan və Yunanıstana ixrac edilməlidir. "Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanın daxili bazarına qaz satılması nəzərdə tutulmayıb. Belə olan şəraitdə Azərbaycanın xarici istehlakçılar qarşısında öhdəliyinin yerinə yetirilməsinə kimsə, niyə şübhə ilə yanaşmalıdır?”

Aysel Aslan