“Azərbaycan beynəlxalq terror şəbəkəsinin hələlik hədəfində deyil”

Zahid Oruc: “Ölkəmiz özünün sabitliyini və təhlükəsizliyini qorumaqdadır”



İŞİD-çi kamikadzelərin Azərbaycanda terror törədəcəyi ilə bağlı iddialar ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Çünki xarici kəşfiyyat idarələrinin İŞİD haqqında irəli sürdüyü versiyalar əksər hallarda özünü doğruldur.

Ona görə də Türkiyə mətbuatında sözügedən terrorçu qruplaşma barədə yayılan məlumatlar xüsusi xidmət orqanları tərəfindən ciddiyə alınır. Təhlükəsizlik və Araşdırma Mərkəzinin rəhbəri, xüsusi-xidmət orqanının keçmiş əməkdaşı İlham İsmayıl türk mətbuatında yazılanları mümkün sayır. Ekspertə görə, İŞİD müxtəlif ölkələri, o cümlədən Azərbaycanı zaman-zaman hədəf götürür: "Türk mətbuatının yazdıqlarına, xüsusən də polislərlə bağlı xəbərdarlığa ciddi yanaşmaq, sayıqlığı artırmaq lazımdır. Bizim xüsusi-xidmət orqanları daxildə əməliyyat şəraitinə nəzarət edirlər, amma xarici məsələlər bizim bəlalı yerimizdir. Xaricdən informasiya almaq imkanlarımız zəifdir. Ən çox qonşu dövlətlərlə, xüsusən İsraillə informasiya mübadiləsi edilməlidir. Son zamanlar kataklizmlər yaşayan Azərbaycanın xüsusi-xidmət orqanlarının birdən-birə bütün vəzifələrinin öhdəsindən gələcəyinə şübhə edirəm. Düzdür, radikal dindarlar arasındakı vəziyyətə yaxşı-pis nəzarət edilir, amma xarici təhlükə daha risklidir”. İŞİD-çilərin Azərbaycandan keçərək Avropaya keçməsinə gəlincə isə İlham İsmayıl bir məqama diqqət çəkib: "Avropada terror törədənlər elə Avropadan çıxanlardır. Parisdə, Belçikada partlayış terror törədənlər elə fransız, belçikalı idi. İŞİD-in Avropaya terrorçularını Azərbaycan üzərindən göndərməsi o qədər də real deyil. Lazım olsa, Şimali Qafqazda hazır nümayəndələr var, elə birbaşa Rusiyanın ərazisindən göndərərlər. Azərbaycana, ya da Gürcüstana girmək və oradan Avropaya getmək daha çətindir, asan yolu qoyub bu marşrutu seçmələri inandırıcı görünmür. Amma bu, o demək deyil ki, İŞİD Azərbaycanda terror edə bilməz.

İŞİD-in məqsədi Azərbaycan cəmiyyətini qorxuda saxlamaq, əhalidə inamsızlıq yaratmaqdır. Bu, birbaşa İŞİD-çi azərbaycanlıların işidir. İŞİD Amerikada, Fransada, Belçikada, Türkiyədə terrorlar edir və Azərbaycanda da edə bilər. Onu hansı vasitələrlə və necə edəcək, təbii ki, terrorun öz xüsusi yolları var”.

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə deyib ki, İŞİD üzərindən terrorun ixracı genişlənməkdə davam etsə də, Azərbaycanda bu cür aktlar keçirməyi planlaması gözlənilən deyil: "Ən başlıca məsələ geopolitik və ya geoiqtisadi nüfuz davasının terror vasitəsilə davam etdirilməsidir. Əslində, 2001-ci ildə məlum 11 sentyabr hadisələri dövründə hamı Amerikanın hansı formada hərəkət edəcəyini gözləyirdi. Ya terror pislənməli və beynəlxalq koalisiyalar tərəfindən onunla mübarizə aparılmalı idi, ya da iqtisadi-siyasi müharibələrin davamına çevrilməli idi. Çox təəssüf ki, ikinci yol seçildi və bu da öz nəticələrini göstərməkdədir. İŞİD əleyhinə koalisiyalar qurulsa da, reallıqda onların sıraları genişlənməkdədir. Gördüyünüz kimi, İŞİD gah Belçikada, gah Fransada, hətta Avstraliya qitəsində terror aktları törədə bilir. Azərbaycandan da bu qruplaşmalara qoşulmağa getməyə can atan, orduya çevrilən və gələcəkdə istənilən ölkədə terror hadisələrinin törədilməsinə gətirib çıxaran qüvvələr çıxmaqdadır. Onların gələcəkdə hansısa ölkədə terror törətməsi Azərbaycan vətəndaşı olmasına baxmayaraq, ölkəmiz adına antikampaniyaya səbəb ola bilməz. Məncə,

Azərbaycan beynəlxalq terror şəbəkələrinin hələlik bu cəhətdən hədəfində deyil. Ölkəmiz hələ ki, özünün sabitliyini və təhlükəsizliyini qorumaqdadır.

İsmayıl