Esmira Orucova: “Yaxın günlərdə girovlarla bağlı aparılan ümumi iş Azərbaycanın xeyrinə nəticələnəcək”
Elman Məmmədov: “Apellyasiya şikayəti əhəmiyyətsiz bir şoudur”
Dağlıq Qarabağ ərazisində girov saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində apellyasiya şikayəti veriləcək. Bu barədə girovlarımızı "müdafiə” edən saxta "vəkillər” məlumat verib. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ermənilərin girov götürdüyü Dilqəm Əsgərovun taleyi barədə danışaraq bununla bağlı Ermənistanla müzakirə aparılacağını deyib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan da girovlarla bağlı qondarma respublika ilə danışıqlara başlayacağını vəd edib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da öz növbəsində məsələni ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırıb və Ermənistana təsir göstərməsini tələb edib. Bundan sonra rəsmi Bakı Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsini təşkil etmək məqsədi ilə beynəlxalq səviyyəli vəkil tutub. Artıq vəkillə danışıqlar aparılıb və müvafiq müqavilə imzalanıb.
Girovlarla bağlı ard-arda cərəyan edən prosesləri dəyərləndirən "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bu istiqamətdə dövlət səviyyəsində ciddi iş getdiyini bildirib. Amma detallarla bağlı mətbuata açıqlama verə bilməyəcəyini deyib: "Girovlar məsələsi olduqca həssas mövzudur. Cənab Prezident şəxsən özü bu məsələni nəzarətə götürüb. Artıq Avropa İnsan Haqları Məhkəməsində işə baxılır. Düşünürəm ki, yaxın günlərdə girovlarla bağlı aparılan ümumi iş Azərbaycanın xeyrinə nəticələnəcək və tezliklə onların hər ikisi azad ediləcək”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov da əmindir ki, Azərbaycan dövləti öz gücü hesabına yaxın günlərdə girovları azad edəcək: "Görəsən, Rusiya vətəndaşı olan Dilqəm Əsgərov milliyyətcə azərbaycanlı yox, rus olsaydı, ermənilər onunla bu cür rəftar edə bilərdimi? Qətiyyən yox. Fikrimcə, bu məsələni Rusiya və Ermənistan birlikdə spekulyasiya edir. Düşmən tərəfdən bizim girovlara "vəkil” təyin olunması təlxək oyunudur. Rusiya da, beynəlxalq təşkilatlar da, elə qondarma rejimin özü də çox yaxşı bilirlər ki, vətəndaşlarımızın girov götürülməsi, onlar üzərində "məhkəmə” qurulması tamamilə qanunsuzdur. Apellyasiya şikayəti də əhəmiyyətsiz bir şoudur”.
Millət vəkili deyir ki, əgər bu rejim dünyanın heç bir dövləti və təşkilatı tərəfindən tanınmırsa, təbii olaraq həmin "respublikanın” qondarma məhkəməsi də tanınmır: "Bu məsələdə məsuliyyət daşıyan tərəf birbaşa Ermənistandır. Ancaq çox təəssüflər olsun ki, işğalçı dövlət yaxasını kənara çəkir. Heç bir işə yaramayan qərəzli beynəlxalq təşkilatlar da Ermənistana təzyiq göstərməkdən boyun qaçırır. Əgər beynəlxalq qurumlar, xüsusən də bu işlə "məşğul olan” ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günə qədər girovlarla bağlı məsələni gündəmə gətirməyibsə, deməli, onlar da düşmənlə eyni mövqedədir. Buna başqa nə ad verək?”. E.Məmmədovun sözlərinə görə, biz heç kimə güvənməməliyik: "Cənab Prezidentimizin dediyi kimi, Azərbaycan bu mübarizədə təkbaşınadır. Hesab edirəm ki, yaxın müddətdə girovlarımızı öz gücümüz hesabına azad edəcəyik. Çünki bizim də əlimizdə ermənilərin hərbi əsirləri var”.
İsmayıl