“Növbəti imtahandan da üzü ağ çıxacağıq. Öz keyfiyyətli işimizlə onları bu dəfə də məyus edəcəyik”
"UEFA şəhər seçimi edərkən çox ciddi götür-qoy edib”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Analitik vurğulayıb ki, 2017-ci ildə Azərbaycan öz namizədliyini irəli sürən zaman digər şəhərlərlə, məsələn, İspaniyanın Sevilya şəhəri və Türkiyənin İstanbul şəhəri ilə də müqayisələr aparılıb. Müqayisələr zamanı bəlli olub ki, Azərbaycanın Bakı şəhəri qurumun şərtlərinə daha uyğundur:

"Futbol oyununun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şərtlər mövcuddur. Eyni zamanda Azərbaycan dövlətinin və futbol rəsmilərinin verdiyi zəmanətlər də yüksək səviyyədə olub. Bütün öhdəliklər nöqtə, vergülünə qədər yerinə yetirilib. Hansısa millətdən olan oyunçunun Bakıya gəlib-gəlməməsi ilə bağlı da problem olmayıb. Təbii ki, Azərbaycan belə problemlər yaradacaq ölkə deyil. Bütün bunları nəzərə alan UEFA futbol oyununun Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün bütün şərtlərin olduğunu təsdiqləyib. Eyni zamanda UEFA rəsmiləri də davamlı şəkildə Azərbaycana gəlib-gediblər. İndi də onların nümayəndələri burdadır və görürlər ki, oyunun və iclasın Bakıda keçirilməsi ilə bağlı narahatlıq yoxdur”.
Ekspertin sözlərinə görə, xaricdəki müəyyən qüvvələr və şəxslər ortalığı qarışdırmağa, narazılıq yaratmağa çalışırlar:
"Ancaq UEFA rəsmiləri də görürlər ki, burada heç bir problem yoxdur. Hansısa boykot çağırışı, kimlərinsə şıltaqlığı bu oyunun keçirilməsini əngəlləyə bilməz. Şübhəsiz ki, Azərbaycanın bugünədək beynəlxalq idman oyunları, eyni zamanda başqa qlobal tədbirləri çox yüksək səviyyədə keçirməsi təcrübəsi, qonaqların həmişə Azərbaycandan razı qalması da diqqətə alınıb.
Belə şəraitdə heç kimin təxribatı baş tuta bilməz. Boykot edənlər sadəcə olaraq manipulyasiya ilə məşğuldurlar. Lakin Azərbaycan bu oyuna çox yüksək səviyyədə ev sahibliyi edəcək. Növbəti imtahandan da üzü ağ çıxacağıq. Öz keyfiyyətli işimizlə onları bu dəfə də məyus edəcəyik”.
Qeyd edək ki, ilk dəfə olaraq UEFA-nın İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək.
İsmayıl