"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri bu iki ölkə arasındakı dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir”.
Bunu "Sherg.az”a ölkə başçısının Fransa səfəri haqqında danışarkən millət vəkili Rauf Əliyev bildirib.
O diqqətə çatdırıb ki, iki ölkə arasındakı əlaqələr 1992-ci ilin fevral ayında Fransanın Azərbaycanda səfirliyinin, 20 noyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyinin fəaliyyəti ilə başlayıb:
"Keçən dövr ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılıb, iki tərəfli münasibətlər yüksələn xətlə inkişaf edib. ATƏT-in Minsk Qrupunun Həmsədrlərindən biri kimi, Avropanın, eləcə də dünyanın nüfuzlu dövlətlərindən biri kimi Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir. Hazırda dünyada baş verən prosesləri, Fransanın Ermənistana müəyyən təsir vasitələrinə malik olduğunu nəzərə alsaq cənab Prezidentin bu səfərinin çox böyük əhəmiyyəti var.
İki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun, bilavasitə Fondun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradır”.
R.Əliyev xatırladıb ki, rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev Fransanın Prezidenti Emmanuel Makronla, Fransa Milli Assambleyasının sədri Fransua de Ruji, Fransa senatının sədri Jerar Larşe, Fransanın nüfuzlu şirkətlərindən olan SADE, "Bouygues Travaux Publics”, "CLFAL”, "İVECO”, "Airbus”, "Total” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib:
"Görüşlər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı bu sahələrdə gələcək layihələrin reallaşması məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycanın Fransada daha geniş tanınması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüşlərdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirələr aparılıb.
İnanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Fransaya hazırkı səfəri iki ölkə və xalqlarımız arasında iki tərəfli əməkdaşlığın və dostluq münasibətlərinin daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu hər iki dövlətin və xalqların mənafeyinə uyğundur”.
Qeyd edək ki, iyulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub. Bundan əvvəl isə ölkə başçısı Paris səfəri çərçivəsində Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo və "Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb, əhəmiyyətli müzakirələr aparıb.
Aysel Aslan