Azərbaycan: Güclü ordu, vətənpərvər insanlar, qayğıkeş və qətiyyətli Ali Baş Komandan
Dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. "Sherg.az" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər. Burada ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradılıb. Mənzillərdə yaradılan şəraitlə tanış olduqdan sonra ölkə başçısı çıxış edib. Ali baş komandan bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib:
"Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər. Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir".
Ölkə başçısının fikirlərini müsbət qiymətləndirən "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli "Sherg.az”a bildirib ki, orduya, şəhid ailələrinə, qazilərə dövlət qayğısının göstərilməsi məsələsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub:
"Hazırda da Prezident İlham Əliyev bu tendensiya uğurla davam etdirir. Ölkə başçısı ordunu güclənməsi, silahlanması, ordunun müasir hərbi texnika ilə təchiz olunması, əsgər yataqxana və xəstəxanalarının inşası, hərbiçilərin əmək haqqlarının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüb. Ölkədə şəhid ailələrinə, Qarabağ əlillərinə mənzillər verilib, onlar avtomobillərlə təmin edilib. Milli qəhrəmanlara, Çernobil, "20 Yanvar” hadisələrinin iştirakçılarına , Böyük Vətən Müharibəsi veteranlarına dövlət tərəfindən təqaüdlə təminat, övladlarının təhsil haqqından azad olması, onların sağlamlıqlarının bərpası üçün bütün işlər yüksək səviyyədə həyata keçirilib. Bu kimi sahələrdə hər bir şərait yaradılıb və proses getdikcə daha da genişlənir".
E.Həsənli onu da diqqətə çatdırıb ki, son zamanlar hərbi qulluqçuların mənzillə təmin edilməsi tendensiyası sürətlənib:
"Orduda xidmət edənlərə xidməti evlər verilir, bəzilərinin kirayə xərcləri ödənilərək gələcəkdə mənzillə təmin edilir. Bu proses Azərbaycanın bütün regionlarında davam edir. Eyni zamanda ölkədə 1 milyonda yaxın qaçqın, məcburi köçkün soydaşlarımıza da yüksək güzəştlər edilir. Onlar da mənzillə təmin edilib, bütün sosial problemləri aradan qaldırılır. Fikirimcə, bütün bunların ölkədə vətənpərvərliyin təbliği, ordunun güclənməsi üçün böyük əhəmiyyəti var.
Biz aprel döyüşlərini xatırlayanda Azərbaycanın güclü ordusunun olduğunu, müasir hərbi texnikasın mövcudluğunu və ən əsası gənclərimizin vətənpərvər ruhda böyüdülməsinin şahidi olduq. Hər il ölkədə hərbi sahəyə gələn gənclərin sayı artır. Onların hərbi məktəblərə daxil olduqları balların statistikası artır, bu fonda müsabiqə genişlənir. Bütün bunlarda dövlət qayğısından qaynaqlanır.
Çünki gələcəkdə dövlət hərbiçiləri mənzillə təmin edir, onlara yüksək əməkhaqqı verir, sağlamlıqla bağlı problemləri olanların məsələləri həll olunur, yaralananların müalicəsi ölkədə mümkün olmadıqda onlar xaricə göndərilir. Hər il dövlət bu sahəyə xeyli vəsait ayırır və get-gedə də vəsaitin həcmi artırılır. Ölkənin Ali Baş Komandanı qarşıya qoyduğu bir nömrəli tapşırıq ordumuzun güclü olması və silahlı qüvvələrimizin şəraitinin yüksək səviyyədə olmasdır. Artıq bu proses davamlı xarakter daşıyır və getdikcə də genişlənəcək”.
Kənan Eynuroğlu