"Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır" - Separatizmə "yox"

Hikmət Babaoğlu: "Bu mənada Azərbaycan hər cür separatizmi pisləyir, qəti rədd edir. Bizim də Dağlıq Qarabağ problemimiz var"



"Ölkəmizin Kürdüstanda keçirilən referenduma münasibəti Azərbaycan XİN tərəfindən ifadə edilib”.

Bunu "Sherg.az”a Kürdüstanda keçirilən referendumun nəticələri haqqında danışarkən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

O bildirib ki, Azərbaycan İraqın ərazi bütövlüyünü tanıyır, ona qarşı atılan hər bir addıma qarşıdır:

"Eyni zamanda regional kürd rəhbərliyi və İraq hökuməti arasında münasibətləri danışıq yolu ilə nizama salmaq lazımdır. Yenə də bu İraqın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu məsələ əslində regionun yerli dinamiklərinin, fərqli siyasi proseslərin nəticəsində ortaya çıxan məsələ deyil. Müşahidə olunan bütün proseslər regiona kənardan diktə olunan və idarə edilən proseslərdir.

Təəssüf ki, uzun müddətdir dünya siyasətini müəyyənləşdirən qlobal güc mərkəzləri müsəlman coğrafiyasında dövlətləri və onların vətəndaşlarını etnik, dini, ideoloji fərqlərinə görə, ayıraraq bir-birinə qarşı qoyur. Nəticədə dövlətlər yıxılır”.

Deputatın fikrincə, bu mürəkkəb siyasi prosesə cəlb olunan qrupların heç biri prosesdən xeyirli çıxmayacaq:

"Ona görə ki, bu regionun inkişafına, onun bütövlüyünə, mədəni-siyasi inkişafına təsir göstərir. Bu mənada  Azərbaycan hər cür separatizmi pisləyir, qəti rədd edir. Bizim də Dağlıq Qarabağ problemimiz var. Azərbaycan 90-cı illərdə etnik separatçılığı öz üzərində hiss edən ən birinci ölkələrdən biridir. Güman edirik ki, bu proseslər hər dövlətin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Belə olarsa, bütün tərəflər yekun qərarla öz maraqlarını təmin etmiş olurlar. Əks halda bölünmə və parçalanma siyasətini həyata keçirən qlobal güclərdən başqa heç kəsin xeyrinə deyil”.

Qeyd edək ki, Kürdüstanın müstəqilliyinə dair sentyabrın 25-də baş tutan referenduma qatılanların 92,73 faizi "hə" deyib.

Aysel Aslan