Azərbaycan “KTMT tərəfdaş”ı ilə əməkdaşlıq etsə...

Regionda mövqeyimiz daha da möhkəmlənəcək və ermənilərin daha bir təzyiq rıçağı əllərindən çıxmış olacaq


Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tərəfdaş təsisatının yaradılmasını nəzərdə tutan protokolun imzalanması barədə hökumətin təklifini təsdiq edən sərəncam imzalayıb.

KTMT tərəfdaşı bu təşkilatla qarşılıqlı maraq kəsb edən sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quracaq dövlət və təşkilatlardır.
Müşahidəçilərdən fərqli olaraq tərəfdaşlar həmçinin KTMT-nin tədbirlərində də iştirak etmək öhdəliyi qəbul edirlər.

Qeyd edək ki, son aylarda Azərbaycanın bu təşkilatda müəyyən bir xüsusi statusda təmsil olunması məsələsi ciddi müzakirə predmeti idi.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, KTMT-yə üzv olan ölkələrin hər biri ayrı-ayrılıqda müxtəlif ölkələrlə təhlükəsizlik əməkdaşlığı, hərbi- texniki əlaqələr qurur. Elə Azərbaycanla da bir neçə KTMT üzvü arasında bu cür əməkdaşlıq mövcuddur: 

" KTMT-nin nizamnaməsinə uyğun olaraq təşkilatın üzvü olmayan digər dövlətlərlə dostluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi vəzifələrdən biri kimi müəyyən edilib. Həmçinin, təşkilatın nizamnaməsinin başqa bir maddəsinə görə, təşkilata üzv olmayan dövlətə müşahidəçi statusu verə bilər.

Təşkilatda təmsil olunan Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan kimi ölkələrin hər biri ilə də Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətləri var. Azərbaycan bu təşkilata üzv olmaq niyyətində olmasa da, təşkilatın qeyd edilən üzv dövlətləri etibarlı və layiqli dost və tərəfdaş ölkə olaraq, Azərbaycanla KTMT arasında əməkdaşlığın inkişafında maraqlıdırlar”.

İ.Vəlizadənin fikrincə, təşkilat həm müşahidəçi, həm də tərəfdaş formatını təbliğ etməkdə üzv olmayan ölkələrlə faydalı əməkdaşlıq imkanlarını genişləndirir: 

"KTMT daxili nizamnaməsinə görə, üzv ölkələr istehsal etdiyi texnikanı bir-birinə ucuz qiymətlərlə satır və digər yardımlar edir. Həmin güzəştlər tərəfdaş ölkələr üçün də tətbiq oluna bilər. Hesab edirəm ki, Azərbaycan da KTMT ilə tərəfdaş ölkə kimi əməkdaşlıq edə bilər. Bu yolla biz Ermənistanın təşkilatdakı fəallığına da zərbə vura bilərik. Bilirsiniz ki, Ermənistanın məqsədi KTMT ölkələri ilə Azərbaycan arasındakı münasibətləri pozmaq və onları bizə düşmən etməkdir. Əgər Azərbaycan "KTMT tərəfdaş”ı ilə əməkdaşlıq etsə, regionda mövqeyimiz daha da möhkəmlənəcək və ermənilərin daha bir təzyiq rıçağı əllərindən çıxmış olacaq”.

Şəymən