"Azərbaycan məcburdur ki, ərazilərini erməni separatçılardan təmizləsin"





"Heç bir qonşu dövlətə ərazi iddiyamız yoxdur, müharibə etmək istəmirik”.

Bunu Sherg.az-a ehtiyyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, Azərbaycan sadəcə bu günlərdə öz müdafiə qabiliyyətini, ordusunu gücləndirmək üçün müəyyən təlim tədbirləri keçirir:

"Silahlı Qüvvələrimiz ordu hazırlığını gücləndirir, sayıqlığını artırır, orduya daxil olmuş ən müasir texnikaları nümayiş etdirir, onların istifadə qaydalarını öz əsgər və zabitlərinə çatdırır . Bu da Azərbaycanın müdafiəsi üçündür. Biz sadəcə müdafiə qabiliyyətimizi gücləndiririk. Bu gün də Prezident İlham Əliyev diplomatik danışıqlar aparır. Aparıcı dövlətlərlə, o cümlədən Ermənistanla Azərbaycan torpaqlarını işğaldan azad etmək məramı ilə danışıqlar aparılır. Təbii ki, bu danışıqlar baş tutmasa, Azərbaycan məcburdur ki, öz ərazilərini erməni separatçılardan təmziləsin. Qaçqın və məcburi köçkünlərini öz yurdlarına qaytarsın, orada yaşayan insanlar üçün normal şərait yaratsın, onların sosial məsələlərini həll etsin, qaçqın və məcburi köçkünlər həmin Azərbaycan ərazilərində rahat yaşaya və işləyə bilsinlər”.

C.Xəlilov bildirib ki, müdafiə sahəsində Hərbi Müdafiə Nazirliyinin ixtira etdiyi məhsullar da bu gün dünya bazarında özünə yer tutmalıdır:

"Ən müasir texnikaları olan Azərbaycan oğulları heç də başqa millətlərin oğullarından əskik deyillər. Azərbaycancanın hər imkanı var. Azərbaycanda bu günləri gözəl fiziklər var, alimlər var. Ən müasir texnikaları belə modern edə və ya yeni təkliflər verə bilərlər. Müasir texnikalar hazırlaya bilərlər və onun dünya bazarlarında satışını təşkil edə bilərlər. Əlbəttə ki, Azərbaycan öz ordusunu təmin edəcək, lazım gəldikdə başqa ehtiyacı olan dövlətlərə silahlar sata bilər . Və bu da Azərbaycanın ordusuna gəlir gətirə bilər. Hamı istəyər ki, öz dövləti, texnikası inkişaf etsin, dünya bazarında Azərbaycanın da hərb sahəsində yeri olsun. Bunun üçün də bizim dövlət strukturları da çalışırlar. Belə başa düşürəm ki, bunun da müsbət nəticələri olacaq”.

Aysel Aslan