“Azərbaycan Prezidenti avropalı diplomatları fakt qarşısında qoydu" - Deputat

Çingiz Qənizadə: "Görüşün gedişatını vizual təhlil etdikdə də görürük ki, onlar fakt qarşısında qalıb, öz günahlarını bilirlər. Amma prezidentin qəbulundan çıxandan sonra nə addım atacaqlar bunu zaman göstərəcək”


"Prezident İlham Əliyev avropalı diplomatları fakt qarşısında qoydu, onlara Dağlıq Qarabağ probleminə dair nümayiş etdirdikləri ikili yanaşmanı xatırlatdı”.

Bunu "Sherg.az”a Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşün nəticələrini şərh edərkən millət vəkili Çingiz Qənizadə deyib. O bildirib ki, vaxtilə Avropa ölkələri münaqişələrə dırnaqarası yanaşmasaydı, indi Avropanın özündə belə qaynar bölgələr olmazdı:

"İspaniyada və digər ölkələrdə baş verən hadisələr göstərdi ki, bu tendensiya güclənə bilər. Ölkə başçısı onları günahlandırdı, çünki Avropa sözdə bir, əməldə isə başqa cür davranır. Dağlıq Qarabağ məsələsində ikili standartlara üstünlük verir, işğalçını öz adı ilə çağırmaqdan çəkinir. Qərb işğalçılara sanksiya tətbiq etməyib. Nəticədə digər ölkələrdə, xüsusilə Avropanın100, 200 və bəlkə də minillik tarixi olan dövlətlərində belə münaqişələrin baş verməsinin günahkarı onların özüdür.

Eyni zamanda erməni lobbisinin təsiri altında olduqları diplomatların diqqətinə çatdırıldı. Qarabağ probleminə dair beynəlxalq hüquq normalarına diqqət göstərilməməsi onların fakt kimi qarşısına qoyuldu. Çünki BMT-nin 4 qətnaməsi, Avropa Parlamenti və Avropa Şurasının qərarları indiyə qədər icra olunmayıb.

Düşünürəm ki, Prezident İlham Əliyev olduqca tutarlı fikirləri ilə avropalı diplomatları mat vəziyyətdə qoydu. Görüşün gedişatını vizual təhlil etdikdə də görürük ki, onlar fakt qarşısında qalıb, öz günahlarını bilirlər. Amma prezidentin qəbulundan çıxandan sonra nə addım atacaqlar bunu zaman göstərəcək”.

Qeyd edək ki, oktyabrın 4-də keçirilən görüşdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əlaqələri, Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlər və Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolu danışıb.

Aysel Aslan