"Azərbaycan və Türkiyə liderlərinin görüşünə böyük ehtiyac yaranıb" - AÇIQLAMA

"Türkiyə ilə siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud olan əlaqələrimiz dinamik inkişafdadır”.
Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfərindən danışarkən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu münasibətlərin fonunda prezidentlərin görüşünə böyük ehtiyac yaranıb:
"Azərbaycanın Türkiyə və Gürcüstanla son zamanlar bir çox sahələrdə, xüsusən hərbi sahədə əməkdaşlıqları var. Bu, onu göstərir ki, biz strateji əməkdaşlıqda çox böyük məsafə qət etmişik. Onun bəhrələri göz önündədir.
Ümumi götürdükdə, Qafqaz regionu qeyri-stabil bölgə hesab olunur. Ən azından üç qaynar bölgə mövcuddur. Burada söhbət region ölkələrinin əlaqələrində cari mövzuların müzakirəsi ilə də yadda qalır. Xüsusilə, Türkiyə, Azərbaycan və İran müxtəlif səviyyələrdə üçtərəfli görüşlər keçirir.
Dünyada baş verən siyasi proseslər hər üç dövlətin strateji informasiya, koordinasiya sahəsində işlərini gücləndirməsinə şərait yaradır. İran, Türkiyə və Azərbaycan arasında qarşılıqlı inam da getdikcə sürətlənir. Əvvəlki illərdə İranın bölgədəki siyasətində, xüsusilə Azərbaycan-İran münasibətlərində boşluqlar var idi. Ancaq Həsən Ruhaninin hakimiyyətindən sonra bu ölkənin bizimlə və Türkiyə ilə münasibətlərində dinamizm özünün göstərir”.
Politoloq hesab edir ki, Türkiyə prezidentinin ölkəmizə səfərində müzakirə olunacaq məsələlər sırasında bölgənin problemləri də əhəmiyyət kəsb edir:
"Azərbaycanla Türkiyənin münasibətlərində türk birliyinin problemləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. məsələlər müzakirə ediləcək. Bütün münasibətləri nəzərə aldıqda məlum olur ki, bu görüşlərə böyük ehtiyac var. Prezidentlərin qarşılıqlı anlaşma vəziyyətini nəzərə alsaq, üçün böyük potensialın əldə olunacağını deyə bilərik”.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın sözlərinə görə, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir. Lakin səfərin dəqiq vaxtı məlum deyil.
Aysel Aslan