Natiq Cəfərli: "Bunlardan biri də atalıq məzuniyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ola bilər. Eyni hüquqların verilməsi konstitusiyada qadın kişi bərabərliyinin təsbiti kimi özünü doğrulda bilər”
"Dünyada atalıq məzuniyyətinin tətbiq edilməsinin fəlsəfəsi qadın-kişi bərabərliyi fikridir”.
Bunu "Sherg.az”ın "Azərbaycanda atalıq məzuniyyəti tətbiq edilə bilərmi?” sualını cavablandırarkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bəzi ölkələrdə demoqrafik böhran yaşandığından, doğum həddindən artıq az olduğundan bu cür təşviq addımları ilə əhalinin sayının artımına çalışırlar:
"Sonuncu dəfə qonşu ölkə Rusiyada bununla bağlı qanun qəbul edilərkən layihənin özündə belə demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədi əks olunub. Ölkəmizdə hələ ki, başqa dövlətlərə nisbətən demoqrafik vəziyyət daha yaxşıdır. Doğumun və əhali artımının stimullaşdırılmasına ehtiyac yoxdur. Lakin gələcəyə baxdıqda görərik ki, son zamanlar iqtisadi vəziyyətin çətinləşməsi, işsizlik və digər məsələlərin təsiri ilə 7-8 il əvvəl olan dinamika zəifləyib. Ona görə, gələcəkdə əhali artımı ilə bağlı müəyyən problemlərin yaşanması gözlənilir. Buna görə, qabaqlayıcı addımların atılması vacibdir. Bunlardan biri də atalıq məzuniyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ola bilər. Eyni hüquqların verilməsi konstitusiyada qadın kişi bərabərliyinin təsbiti kimi özünü doğrulda bilər”.
Azərbaycan reallıqlarına da toxunan N.Cəfərli deyib ki, belə qərar qəbul olunsa, insanlar bundan yararlanmaq istəməyəcək:
"Həm milli mentalitetdən, həm də daha çox pul qazanmaq həvəsindən irəli gələrək inanmıram ki, atalıq məzuniyyətindən istifadə olunsun. Ola bilər, rəsmi və yüksək maaşı olan şəxslər maaşın və iş yerlərinin saxlanması şərti ilə məzuniyyət hüququndan istifadə etsinlər. Lakin rəsmi maaşı ilə real gəlirləri arasında ciddi fərq olan insanlar həddindən artıq çoxdur. Bu, Azərbaycanın indiki reallığıdır. İşləyərkən daha çox pul qazanma şansının yarandığını, əmək müqaviləsi olmadan on minlərlə insanın çalışdığını nəzərə alsaq, ölkəmizdə bunun işlək formaya gəlməsi zaman tələb edəcək”.
Qeyd edək ki, 2009-cu ildə Milli Məclisin sosial siyasət üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb. "Hamiləliyə və doğuşa görə məzuniyyətlər”i nəzərdə düzəlişdə qeyd olunub ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda, qanun layihəsində hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına növbədənkənar məzuniyyətə çıxmaq hüququnun verilməsi də nəzərdə tutulub.
Həmin qanuna düzəlişdə vurğulanır ki, kişilər də atalıq məzuniyyətinə çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin ataların məzuniyyətə buraxılmasının xanımından asılı olması göstərilib. Qanunun 130-cu maddəsinin düzəlişinə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilə bilər.
Aysel Aslan