"Azərbaycanda ikili vətəndaşlıq xoşagəlməz hallara yol aça bilər" - TƏHLÜKƏ

Azər Allahverənov: "Ölkəmizdə hansısa sahədə boşluq varsa, onu əleyhimizə istifadə edə bilərlər. Buna görə, bir qədər ehtiyatlı davranmaq lazımdır"


"İkili vətəndaşlıq haqqında təkliflər yeni deyil”.

Bu barədə "Sherg.az”a deputat Rafael Cəbrayılovun Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi barədə təklifinə münasibət bildirərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

O bildirib ki, məsələ tək ekspert dairələrində, KİV-lərdə deyil, siyasi dairələrdə də geniş müzakirə olunur:

"Çox ölkələr var ki, ikili vətəndaşlıq məsələsində bir qədər irəli gediblər və onlar üçün elə də əhəmiyyət kəsb edən məsələ deyil. Azərbaycanda isə bu məsələ həssas mövzudur. Bu, yalnız insanların istəyi, rahat iki dövlət arasında miqrasiya etməsi ilə bağlı deyil. Xüsusilə Azərbaycan üçün kifayət qədər ağır çəkisi olan siyasi mövzudur. Buna görə, bir qədər ehtiyatlı davranmaq lazımdır.

Doğrudan da Rusiyada və başqa ölkələrdə yaşayan azərbaycanlıların öz ölkəsinin vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq lazımdır. Siyasi nöqteyi-nəzərdən, hər hansı ölkənin vətəndaşına müxtəlif hüquqlar verilir. Məsələn, Azərbaycanda yaşayan yüzlərlə, minlərlə yaşayan əcnəbilər bir çox hüquqlardan istifadə edirlər. Səs vermək, seçkili vəzifə tutmaq və s. kimi hüquqlardan isə məhrumdurlar. 

Vətəndaşlığın verilməsi həmin siyasi hüquqların təmin olunmasını da gündəmə gətirir. Düşünün ki, xaricdə yaşayan soydaşlarımız, Azərbaycanla bu və ya digər formada bağlılığı olan şəxslərə də siyasi hüquqlar verilir. Bu ölkəmizdə heç də xoşagəlməz hallara gətirib çıxara bilər. Həmçinin Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunması mümkündür. Ona görə, hələlik bu mövzunu yalnız müzakirə edib, müsbət və mənfi tərəfləri barədə fikir söyləyə bilərik”.

A.Allahverənov diqqətə çatdırıb ki, Azərbaycan müharibə şəraitindədir və müəyyən dairələrin təzyiqi altındadır: 

"Ölkəmizdə hansısa sahədə boşluq varsa, onu əleyhimizə istifadə edə bilərlər. Təbii ki, digər tərəflərin əsaslandırması da olduqca vacibdir. Ola bilər, nə zamansa Azərbaycanda bu qəbul olunacaq. Bu gün ikili vətəndaşlığı olan şəxslər də kifayət qədərdir. Azərbaycan onların ikinci vətəndaşlığını tanımır. Amma istənilən halda qanunvericilikdə dəyişiklik etməmişdən öncə çox dairələrin bununla bağlı fikirləri səsləndirilməlidir. Xüsusilə, siyasi dairələrin də məsələyə yanaşması birmənalı olmalıdır.

Yaxın zamanda ikilik vətəndaşlıqla bağlı müddəanın qanunvericiliyə əlavə olunmasına ehtiyac görmürəm. Azərbaycanın bu günkü şəraitində belə məsələlərə həssaslıq nümayiş etdirmək lazımdır. Azərbaycanın dövlət maraqları tələb edərsə, dəyişiklik edilməsi mümkün ola bilər. Lakin hələlik milli və dövlət maraqlarımız bunu tələb etmir”.

Qeyd edək ki, deputatın sözlərinə görə, ikili vətəndaşlığa icazə verilsə, o zaman ayrı-ayrı xarici ölkələrdə yaşayan və Azərbaycana bağlı olan insanlar bu imkandan yararlana biləcək.

Aysel Aslan