Azərbaycanda internetdə problemlər yaranıb - Səbəbi açıqlandı




Son günlərdə Azərbaycanda internetdə ciddi problem yaranıb. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Lent.az-a açıqlama verib. Açıqlamada deyilir ki, nazirliyinin ölkədəki telekommunikasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir: "Həm "Aztelecom”un həm də "Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində geniş zolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”.
Lent.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə eyni zamanda "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən də münasibət bildirilib.
Bildirilir ki, internetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub.
Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: "Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişlə problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.