“Bunu etmək üçün ən böyük problemlərdən biri olan donor mənbəyi tapılmalıdır”
Dünən Səhiyyə Nazirliyinin 1 saylı Kliniki Tibbi Mərkəzində KİV nümayəndələri üçün "dəyirmi masa” keçirilib. Tədbir xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə dövlət dəstəyinə həsr edilib.
Tədbirdə çıxış edən M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev cari ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın böyrək xəstəsinin qeydiyyata alındığını və onların hər birinə hemodializ müalicəsi edildiyini deyib. Onun sözlərinə görə, il ərzində dializə cəlb olunanlar arasında ağır vəziyyətdə olanlar olsa da, bu göstərici azdır.
F.Babayev həmçinin deyib ki, Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur. Hər kəs üçün bərabər şərait yaradılıb. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır.
Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problemin donor məsələsi olduğunu vurğulayan şöbə müdiri bildirib: "Hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələr daha çox qohumlarının, eləcə də ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayanır. Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir”.
Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Calalov isə bildirib ki, hazırda xəstəxanada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ alır: "Azərbaycanda 2003-cü ildə dializin tətbiq olunması zamanı ciddi problemlər olsa da, bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunur”. Böyrək çatışmazlığı ilə bağlı donor məsələsinin həllinə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Şərq”ə açıqlamasında ölkədə orqan nəqlinin sistem şəklini almadığını deyib: "Azərbaycanda orqanların nəqli, transplantasiyası məsələsi mütəxəssislərin olmasına baxmayaraq sistem şəklini almayıb. Bu, epizodik olaraq bir neçə xəstəxanada və regionların birində həyata keçirilir. Bunun sistem şəbəkə şəklini alması üçün çox ciddi bir struktur yaradılmalıdır. Burada donorların mənbəyi müəyyən edilməlidir ki, kim donor ola bilər. Donor olmaq, donor bankını yaratmaq asan məsələ deyil. Bundan başqa, lazım olan yerdə böyrəyin köçürülməsi hüquqi əsaslarla tam təsdiq olunmalıdır. Böyrək ancaq qohumdan qohuma, yəni qan qohumluğu olan adamlara verilə bilər. Yad adamlara verilə bilməz. Çünki bu cür məsələlər kriminala yol açır. Ola bilsin ki, gələcəkdə "Donor haqqında” qanun qüvvəyə minsin və bu proses bir sistem şəklini alsın. Bax, o zaman bu problem leqal şəkildə öz həllini tapacaq. Ancaq bunun üçün də əhali arasında maarifləndirmə işi gücləndirilməlidir. Hazırda Türkiyədə tibbi xidmətin həddən artıq yüksək olması, bunun böyük bir şəbəkə şəklini alması ilə izah olunur. Təəssüf ki, Azərbaycanda bu məsələ hələ oturuşmayıb. Ona görə də orqan nəqlinin bir sistem şəkli almasından söhbət gedə bilməz. Düşünürəm ki, bunu etmək üçün ən böyük problemlərdən biri olan donor mənbəyi tapılmalıdır. Donor mənbəyi də beyin ölümü keçirmiş gənc adamlardır. Azərbaycanda heç kim beyin ölümü keçirmiş gənc övladını yarmağa, onun hansısa orqanını götürməyə psixoloji cəhətdən hazır deyil. Yəni bunun üçün böyük təbliğat
getməlidir. İnsanlar bu məsələyə yavaş-yavaş öyrəşməlidir. Düşünməlidirlər ki, həyatını itirən şəxs kiminsə həyatına başlanğıc verə bilər. Bu məsələlər psixoloji həllini tapmamış donor məsələsi də öz həllini tapmayacaq. Ona görə də hesab edirəm ki, bunun üçün bizə hələ zaman lazımdır”. Tibb eskpertinin sözlərinə gözə, Azərbaycanda donor ehtiyatlarının yaranması üçün müvafiq şəbəkə yaradılmasa, məsələnin sistemli həlli mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycanda elə bir donor şəbəkəsi yaratmaq lazımdır ki, ondan hər bir Azərbaycan vətəndaşı faydalana bilsin. Bunun üçün də orqan transplantasiyası məsələsi tam hüquqi bazasını tapmalı, donor bankları və s. yaradılmalıdır: "Böyük bir assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın Zaqatala rayonunda orqan resursu varsa, Masallıda ehtiyac yarandığı halda onu dərhal həyata keçirmək mümkün olsun. Bu məsələ çox ciddi və təşkilati bir işdir”.
Şəymən