Azərbaycanda sabitlik və inkişaf hökm sürür
Bu amilin arxasında iqtidarla xalq arasında olan birlik dayanır
Yanvarın 27-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Konfransda çıxış edən Prezident İlham Əliyev deyib ki, ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında isə iqtidarla xalq arasında olan birlik dayanır.
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur
Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirib. Prezident qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: "Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları var. 2004-cü ildən ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin”.
Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollardır
Prezident İlham Əliyev bildirib ki, son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb. Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir: "Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 11 ildə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub, regionlarda 41 olimpiya-idman kompleksi, o cümlədən 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib: "Ölkəmizdə tarixi, mədəni və dini abidələr bərpa olunur. Bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalıyıq və hər bir gənc bu ruhda tərbiyə almalıdır”. Prezident deyib ki, son 11 il ərzində paytaxt Bakıda və bölgələrdə böyük infrastruktur layihələri həyata keçirilib: "Son 11 ildə ümumi gücü 2400 MVt olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi Azərbaycanda bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min km yol çəkilib, 340 körpü və tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla, 6 aeroport inşa olunub. Son illər ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.
Bu gün liderlik keyfiyyətlərini ortaya qoyan Azərbaycanın öz modeli var
Dövlət başçısı Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Bakı-Tiflis-Qars kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb. "İnfrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq” - deyən dövlət başçısı qeyd edib ki, vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar: "Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur”. Prezident İlham Əliyev enerji layihələrinə toxunaraq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, "Şahdəniz”, TANAP, TAP, "Cənub qaz dəhlizi” layihələrinin regionun, Avropanın enerji xəritəsini dəyişdirdiyini qeyd edib: "Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tiflis-Ceyhan 2006-cı ildə istifadəyə verilib, dəhliz yaradılıb. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt "Cənub qaz dəhlizi” icra edilməyəcəkdi”. Dövlət başçısı vaxtilə şəxsən "Nabukko” layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etdiyini xatırladıb: "2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq "Cənub qaz dəhlizi” üçün yol açıldı. Bunu etməsəydik, nə olacaqdı?”. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb: "Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb. Bu il məktəblərin, səhiyyə ocaqlarının və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır”.
Vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır
Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib və deyib ki, "vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır”. İ.Əliyev nitqində dünyadakı son prosesləri də dəyərləndirib: "Bir il ərzində dünyada müxtəlif hadisələr baş verib, müxtəlif proseslər gedib. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Dünyada çağırışların sayının artmasına baxmayaraq Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməyib. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər. Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik”.
Xarici borcun faizinə görə, Azərbaycan dünyada birinci 10 ölkənin arasındadır
Prezident ölkədəki maliyyə vəziyyətindən danışıb və deyib ki, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənib. Dövlət başçısı bu məsələyə baxılmasının vacibliyinin qeyd edib: "Çünki o vaxt biz pul islahatını apararkən 1 manat 1 dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca, 1 manat 1,3 dollar olub. Bir növ manat avroya bağlı idi. 1 manat - 1 avro. İndi isə 1 manat 1 avrodan daha da qiymətlidir və bahalıdır. Eyni zamanda bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.
Dövlət başçısı maliyyə resurslarının kifayət qədər böyük olduğunu bildirərək xarici borcun ümumi daxili məhsulun cəmi 8 faizini təşkil etdiyini qeyd edib: "Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq edir. Biz borclanmamışıq. Ona görə xarici borc aşağı səviyyədədir”.
Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub
Prezident deyib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: "Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkməyəcəyi təqdirdə bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək”. İlham Əliyev çıxışında məmurların fəaliyyətinə də toxunub: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”. Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: "Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
Prezident İlham Əliyev konfransdakı çıxışında məmurları başqa kontekstdən də tənqid edib. Dövlət başçısı kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər”. Prezident bank sektorundakı vəziyyətdən də danışıb: "Bank sektorunun inkişafı son illərdə sürətlə gedib. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərib, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur”.
İsmayıl