Azərbaycanda yeni optimal idarəetmə institutu yaradılacaq
Konstitusiya dəyişikliyi ilə ölkədə silsilə islahatlar başlayacaq
İyulun 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum keçirilməsinə qərar verilib. Ümumxalq səsverməsi 2016-cı il sentyabrın 26-na təyin edilib. Referenduma çıxarılacaq dəyişikliklər ətrafında ciddi fikir mübadilələri aparılmaqdadır. Ən ciddi müzakirələr isə təbii ki, icra hakimiyyəti strukturunda institusional dəyişikliklərlə bağlıdır. Həmin təkliflər yeni qurumun, ölkə Prezidenti tərəfindən təyin edilən vitse-prezidentlər institutunun yaradılmasını nəzərdə tutur.
Bu institutun yaradılmasına zərurət son illərdə ölkədə köklü iqtisadi islahatlara start verilməsi ilə əlaqədar özünü daha kəskin büruzə verir. Məlumdur ki, islahatların hamısı ölkə Prezidentinin təşəbbüsü ilə və ya onun tərəfindən başlanıb. Ona görə də islahatların keçirilməsində Nazirlər Kabinetinin rolu və funksiyaları ilə bağlı suallar meydana çıxıb. Kollegial orqan olan Nazirlər Kabinetinin qərarlar qəbul etməsi mexanizmi mürəkkəb mexanizmlə tənzimlənir. Baş Nazir tərəfindən imzalananadək Nazirlər Kabinetinin hər bir qərarına onun üzvləri tərəfindən viza verilməlidir. Nəticə etibarilə mühüm qərarların qəbulu bir sıra hallarda illərlə uzanır və məhz bu səbəbdən Nazirlər Kabineti ölkədə aparılan iqtisadi islahatların lokomotivinə çevrilə bilməyib. Vitse-prezident institutunun təsis edilməsi isə Prezidentin müvafiq fərman və sərəncamlarının yerinə yetirilməsini nəzarətdə saxlamaq, habelə iqtisadi islahatları daha da ixtisaslaşdırılmış səviyyədə həyata keçirmək imkanı verəcək. Nəzərdə tutulan müddəalar nəinki hakimiyyətin digər qollarının statusuna toxunmur, hətta Prezidentin vəzifə başında olduğu müddətdə vitse-prezidentə əlavə səlahiyyətlər verməyərək, Nazirlər Kabinetinin üstünlüyünə xələl gətirmir. Millət vəkili Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq: "Azərbaycan prezidentli respublikadır, bəzi hallarda biri-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq”.
Millət vəkili Hadı Rəcəbli də düşünür ki, vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilib: "Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərdi ki, belə institutun yaradılması zərurəti mövcuddur. Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin Konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir. Vitse-prezidentlik dünyada geniş yayılmış dövlət idarəçilik formasıdır. Bu gün dünyanın 67 ölkəsində vitse-prezidentlik idarə üsulu var. İranda 10-dan çox
vitse-prezident var. Amerikada, Avropada vitse-prezidentlik quruluşu mövcuddur. Bu idarəçilik formasının inkişaf etdirilməsi çox önəmlidir. Bizim ölkə bu gün prezident üsulu idarəsi olan dövlətdir. Ona görə də bu referendumla prezident üsul idarəsi daha da güclənəcək”. Millət vəkili bildirib ki, I vitse-prezidentlik və vitse-prezidentlik olacaqsa, Nazirlər Kabinetinin səlahiyyətlərinə ciddi şəkildə aydınlıq gətirilməlidir: "Ölkədə eyni funksiyaları Prezident Administrasiyası yerinə yetirirsə, o zaman Nazirlər Kabineti nə ilə məşğul olmalıdır? Əslində Konstitusiyada Nazirlər Kabinetinin və Prezident Administrasiyasının vəzifə və səlahiyyətləri öz əksini tapıb. Sadəcə olaraq, bu məsələdə Prezidentin direktiv sənədlərində, normativ hüquqi aktlarında, sərəncam və fərmanları ilə bu qurumların səlahiyyətləri düzgün bölüşdürülməlidir. Lazımsız qurumların, təkrarçılığın və məmur kütləviliyinin qarşısı birmənalı şəkildə alınmalıdır. Hər yanda gözünü açırsan, görürsən məmur işə gəlib-gedir və maaş alır. Konstitusiya dəyişiklikləri ilə inzibatçılığın azalmasına, idarəetmədə şəffaflığın artmasına, struktur islahatlarına rəvac verilməli və məmur təkrarçılığının qarşısı alınmalıdr”. Deputat bildirib ki, ola bilsin Administrasiya və Nazirlər Kabinetinin bir sıra səlahiyyətləri vitse-prezidentliyə verilsin: "Düzdür, indiki referendumla Nazirlər Kabineti saxlansa da, hesab edirəm ki, təkrarçılığa ehtiyac yoxdur və bu sahədə olan səlahiyyət bölgülərinə tam aydınlıq gəlməlidir. Çünki bu gün Nazirlər Kabinetində və Prezident Administrasiyasında da aqrar, sosial və iqtisadi bölmələr var”.
"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev da deyib ki, vitse-prezident institutlarının yaranması islahatların dərin olacağını göstərən məqamdır: "2000-ci ildə Konstitusiyaya ilk dəfə dəyişikliklərlə bağlı referendum təklifi olanda o zaman fikir söyləmişdim ki, hər şeydən əvvəl Azərbaycan prezidentli respublika modelini daha da dəqiqləşdirməlidir. O zaman vitse-prezidentlik institutunun olmasının zəruriliyini qeyd etmişdim. Birinci vitse-prezident, vitse-prezidentlər institutunun yaradılması hakimiyyətdə varisliyin təmin edilməsi baxımından vacibdir. Prezident tərəfindən həyata keçirilən bütün fəaliyyətlərin həm də hüquqi varisliyə ehtiyacı var idi ki, bu davamlı olsun. Bu baxımdan, vitse-prezidentlik institutu idarəetmədə əhəmiyyətli rol oynayacaq”.
İsmayıl