Azərbaycanlılara qan udduran kriminal lider tutuldu

“Rusiyadakı vətəndaşlarımızın sıxışdırılmasına əsas səbəb onların qazanclarının əllərindən alınmasıdır”


1990-cı illərdə Moskvada fəaliyyət göstərən "Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib. Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi. O, bir neçə qətldə, cinayətkar dəstə yaratmaqda, quldurluqda və digər cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, "Orexevo-Medvedkovo” qruplaşması Moskvanın ən qəddar cinayətkar qruplaşması hesab edilirdi. Əsasən Moskvanın cənubunda fəaliyyət göstərən bu qruplaşmanın qurbanları arasında xeyli azərbaycanlı da olub. Onlar Moskvanın "Orexevo”, "Domodedovo”, "Kaşirskaya”, "Kantemirovskaya”, "Tsaritsino” və digər metrostansiyaları yaxınlığında ticarət və taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı xüsusi qəddarlıq göstəriblər. Həmin vaxt qruplaşma üzvləri bir neçə azərbaycanlını qətlə yetirmişdilər. Onlarla azərbaycanlının ticarət nöqtələri isə əllərindən alınmışdı. Əksər azərbaycanlılar isə qruplaşmaya böyük məbləğdə haqq ödəyirdilər.

Maraqlıdır, hər zaman Moskvada yaşayan və çalışan həmyerlilərimizə qarşı təzyiqlərin olması nə ilə bağlıdır? Bu məsələnin arxasında kimlər ola bilər? Məsələni dəyərləndirən Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov bildirib ki, Rusiyadakı vətəndaşlarımızın sıxışdırılmasına əsas səbəb onların qazanclarının əllərindən alınmasıdır. Lakin həmyerlilərimizin çoxu tabe olmaq istəmirlər və ona görə də bu cür hallar baş verir: 

"Sadəcə olaraq Rusiyada mövcud olan bir cərəyan var, hansı ki bu cərəyan faşizmə yaxındı. Bütün bunlar cərəyanın strukturlarının gördüyü işlərdir. Düşünmürəm ki, belə hadisələrin arxasında siyasi qurumların əli var”.

Yeganə Bayramova