Bahalaşmadan xilasın iki yolu: Rəqabətli mühit yaransın, gömrük, vergi rüsumları azaldılsın"





"İqtisadi münasibətlər normallaşandan, bazarlar yaranandan bəri qiymətlərin tənzimlənməsinin ən asan yolu ciddi rəqabətdir”.

Bunu "Sherg.az”a millət vəkili Çingiz Qənizadənin bahalaşmanın aradan qaldırılması ilə bağlı müraciətinə münasibət bildirərkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, bahalaşmanın tənzimlənməsinin rəqabətdən başqa alternativi yoxdur:

"Hökumət çalışmalıdır ki, çox ciddi rəqabətli mühit yaransın. İkinci yol odur ki, dövlət istənilən an gömrük, vergi rüsumlarının faizlərini aşağı salmaqla qiymətlərə pozitiv təsir göstərə bilər. Bunu iki ana xətt üzrə, paralel şəkildə həyata keçirmək lazımdır ki, Azərbaycanda qiymətlərin normallaşmasını görək. İnzibati qaydada müdaxilələr olsa, süni qiymət artımı adı altında reydlər keçirilib, iş adamlarına müdaxilələr edilsə, əks effekt verəcək. Çünki normal bazar iqtisadiyyatı qaydaları işləyən mühit olacaqsa, süni qiymət artımı mümkün deyil.

İnhisarçılıqla mübarizə aparmalıdır. Bu dövlətin nəzarətində olmalı, mütləq aradan qaldırılmalıdır. Rəqabətli mühit oturuşduqda inhisarçılıq özü-özünə aradan çıxacaq.

Sadalanan addımlar atılmasa, sadəcə inzibati üsullar tətbiq edilsə, bu dayanıqlı olmayacaq. Bir müddətdən sonra isə qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq. Dəfələrlə bunun şahidi olmuşuq. Bəzi məhsullarla bağlı tənqidlərdən sonra qiymətlərdə dəyişiklik olub, lakin bir müddət sonra yenidən bazar iqtisadiyyatı qaydaları yenidən qiymətləri bahalaşdırıb.

Daha çox məhsul bolluğu, rəqabətli mühit və gömrük, vergi güzəştləri – bu üçlü forma ilə qiymətlərin uzunmüddətli şəkildə aşağı düşməsinə şərait yaratmaq olar”.

Qeyd edək ki, Çingiz Qənizadə məsələyə baxması üçün İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinin müvafiq qurumlarına, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib.

Aysel Aslan