"Bakı Beynəlxalq Avtovağzalın rəhbərliyi özbaşınalıqlardan xəbərdardır, amma... " - Açıqlama

"... sürücülərin qanunsuz davanşıları, onlayn bilet satışında şəffaflığın təmin olunması, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün sərt tədbirlər görüləcəyi bəyan olunub"
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) sərnişinlərə xidmət sahəsindəki problemlər, paytaxtdan regionlara yola düşən avtobus sürücülərinin özbaşınalıqları haqqında narazılıqlar səngimək bilmir. Daha çox şikayətlər isə sürücülərin özbaşınalığı, çax-çux etmələri üçün müəyyən qanunsuzluqlara yol vermələri və sərnişinlərlə kobud davranmaları ilə əlaqədardır. Bundan başqa Qurban bayramı ərəfəsi olduğuna görə, bölgələrə yola düşən avtobuslarda sıxlıq yarandığından sərnişinlər sürücülərin bilet dəllallığına əl atacaqlarından narahatdırlar. Vətəndaşlar bununla bağlı tədbirlərin gücləndirilməsinin, müvafiq addımların atılmasının vacib olduğunu iddia edirlər.
BBAK isə Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib. Kompleksin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Y. İsakovun sözlərinə görə, bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda isə gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin Avtovağzaldan yola salınır.
Qeyd edək ki, sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə edə bilərlər.
Bakı Beynəlxalq Avtovağzalında mövcud olan problemlər haqqında "Sherg.az”a danışan "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı kompleks rəhbərliyinin mövcud özbaşınalıqlardan xəbərdar olduğunu diqqətə çatdırıb. Buynunla belə o qeyd edib ki, Avtovağzal rəhbərliyi sürücülərin özbaşınalığı, onlayn bilet satışında şəffaflığın təmin olunması, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün sərt tədbirlər görüləcəyini bəyan edib:
"Lakin bu bir qədər vaxt aparan məsələdir. Payız aylarında Avtovağzalın təmir prosesi, digər sistemləşdirmə məsələləri yekunlaşacaqdır. Artıq bundan sonra xidmət sahəsinə diqqət yetirilə bilər.
Əsas problemlərdən biri vətəndaşların müraciətləri, şikayət və təklifləri üçün "qaynar xətt”in olmamasıdır. Hələlik, vətəndaşlar 012 406 01 58/59 nömrələrini şikayət və təkliflər üçün istifadə edirlər. Amma yaxın zamanda bu problemin də həll ediləcəyi, vahid sistem qurulacağı bildirilib. Avtovağzal rəhbərliyinin bu islahatları aparmaqda qətiyyətli olduğu görünür”.
Bakı Beynəlxalq Avtovağzalın beynəlxalq statusa malik olduğunu vurğulayan E. Muradlı söyləyib ki, qurum bu statusa uyğun fəaliyyətini qurmalı, ölkəmizə gələn turistlərin də rahatlığını nəzərə almalıdır:
"Gediş haqqı da bahalaşdığından insanlara zərər vurmağı dayandırmaq şərtdir. Qiymətlər onsuz da 2-3 manat artıb, sürücülər bileti bir az da baha satsa, insanlar narazılıq edəcək. Yaxın zamanda nəqliyyat sistemində bu "qara ləkə” avtovağzalın üzərindən götürülməlidir. Payız aylarında yeni avtobusların gətirilməsi, internet üzərindən regionlara və xarici ölkələrə bilet satışının şəffaflaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində dəyişikliklər gözləyirik”.
Aysel Aslan