Bakı qazandı...

Azərbaycanın bütün istəkləri Konvensiyada əksini tapıb




Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 22 ildir aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyət kəsb edən sənədə imza atdılar. Sirr deyil ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi anlaşmaya öz töhfəsini verib.

Hüquqi statusla bağlı danışıqların aparıldığı dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub.

Konvensiya bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün olduqca faydalıdır. Ekspertlərə görə, bu saziş mübahisəli yataqların Xəzərdə tarixi razılaşma nəticəsində birgə işlənməsinə gətirib çıxaracaq. Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi reallaşacaq. Əməkdaşlıq əlaqələri xüsusilə iqtisadi baxımdan bütün Xəzəryanı dövlətlər üçün mənfəətli olacaq. Xəzərin statusunun müəyyənləşdirilməsi yeni kəmərlərin inşası baxımından da əhəmiyyətlidir. Bu isə Xəzəryanı dövlətlərin əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

"Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi”

Həm Sammitdə, həm də imzalama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı vurğulayıb ki, Xəzərin hüquqi statusu haqqında yekun sənəd Xəzəryanı ölkələrin, eləcə də Azərbaycanın həyatında mühüm əhəmiyyət daşıyır. Prezident bəyan edib ki, Bakı bu konvensiyanın inkişafına öz töhfəsini verib: "Konvensiya Xəzərin təhlükəsizliyini müəyyən edir. Konvensiyanın imzalanmasına qədər də Xəzər dənizi sabitlik və təhlükəsizlik dənizi idi. Bu sənəd ölkələrimizin gələcəyi üçün əhəmiyyətli rol oynayır”.

"Regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq”

Konvensiya beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir: "Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq”.
Xəzərin hüquqi statusu ilə bağlı anlaşmanın əldə olunması Ermənistanda ciddi narahatlıqla qarşılanıb. Konvensiyaya əsasən, Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması düşmən ölkəni təşvişə salıb. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bunun Azərbaycanın diplomatik uğuru olduğunu etiraf edib. Şarmazanov bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir. Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: "Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayır”. Müxalifət statusunda olan keçmiş hakim Respublika partiyasının sədr müavini, deputat Armen Aşotyan da analoji açıqlama ilə çıxış etmişdi.

"Həm enerji sahəsinə, həm də nəqliyyat sektoruna mühüm töhfə verəcək”

Tarixi sazişlə bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bunun çox mühüm sənəd olduğunu deyib: "Nəhayət ki, Xəzərin hüquqi statusu ilə bağlı sazişin imzalanması baş tutdu. Bu saziş Xəzər dənizini əməkdaşlıq və inkişaf bölgəsinə çevirəcək”. Deputat bəyan edib ki, 5-ci Sammitdə imzalanan ortaq sənəd Azərbaycanın mənafeyinə çox uyğundur: "Saziş nəticəsində Azərbaycan mühüm iqtisadi və stratejik layihələrin reallaşmasında böyük dəstək qazanacaq. Həm enerji sahəsinə, həm də nəqliyyat sektoruna mühüm töhfə verəcək. Anlaşma Xəzəryanı ölkələrin əməkdaşlığını da xeyli gücləndirəcək. Həmçinin, Orta Asiya ölkələrinin dünyaya çıxışı üçün əlverişli şərait yaradacaq. Burada ekoloji məsələlər də əhəmiyyətli rol oynayır. Xəzər suyunun qorunması və xüsusən nərə balığının çoxaldılması Xəzəryanı ölkələr üçün vacib amil sayılır. Dənizin ekoloji cəhətdən mühafizəsi üçün saziş faydalı olacaq. Düşünürəm ki, real layihələri həyata keçirmək üçün zəruri anlaşmadır”.

"Konvensiyanın imzalanmasından ən çox udan məhz Bakı olacaq”

Siyasi elmlər namizədi, tanınmış politoloq Zaur Məmmədov da "Şərq”ə bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, Konvensiyanın imzalanması böyük hadisədir. Analitikə görə, konvensiyada əksini tapan bəzi məsələlər bundan öncəki sammitlərdə həllini taparaq, deklarasiya formasında müəyyən olunub: "Lakin, deklarasiyadan fərqli olaraq Konvensiya hüquqi əhəmiyyətə malikdir və onun icrası mütləqdir. Beləliklə, Konsensiyanın imzalanmasını Bakının maraqlarının təmin olunması kimi də qələmə vermək olar. Sənədin imzalanmasında mühüm rol oynayan məsələ Bakı-Moskva və Tehranın razılığa gəlmələri oldu. Azərbaycanın bütün istəkləri Konvensiyada əksini tapdı”. Politoloq vurğulayıb ki, Azərbaycan bu sazişdən siyasi və iqtisadi dividendlər əldə edəcək: "Ümumiyyətlə, Konvensiyanın imzalanmasından ən çox udan məhz Bakı, daha sonra isə Astana olacaq. O ki qaldı, Xəzərin dibindən keçə biləcək kəmərlər məsələsinə, konkret olaraq Transxəzər layihəsinə, bu, təbii ki, Türkmənistanın və Azərbaycanın maraqlarına cavab verən hadisə ola bilər. İndi söz Qərb konsorsiumları və Aşqabaddadır. Onlar layihəni maliyyələşdirəcəklərmi? Digər məsələ Konvensiyada əksini tapan ekoloji muddəalarla bağlıdır. Rusiya və İran Aşqabada yaşıl işıq yandıracaqlarmı? Əlbəttə ki, siyasətdə mümkün olmayan nəsə yoxdur. Moskva aktual maraqlarının nəzərə alınması fonunda hansısa məsələlərdə kompromissə gedə bilər”.

İsmayıl