Bakı tıxacda qalıb





Səhər saatlarından etibarən başlayan yağışlı hava paytaxt yollarında tıxaclar yaradıb. Ən böyük tıxac da, gözlənildiyi kimi "20 Yanvar” dairəsi, Bakı-Sumqayıt yolunda əmələ gəlib. Masazır, Xırdalan istiqamətinə gediş-gəliş mümkünsüzləşib. Masazır dairəsindən "20 Yanvar” dairəsinədək yol keçilməz olub. Bir tərəfdən yağışlı, çiskinli hava, yollarda yığılıb qalan yağış suları, bir tərəfdən də avtomobillərin uzun növbəsi, siqnal səsləri şəhəri başına "alıb”.

Yağışlı havada yolların sel-sularına təslim olması da, tıxacların yaranması da, adət etdiyimiz görüntüdür. Və artıq ənənə halını alıb. Görəsən, bu pis ənənə nə vaxtsa pozulacaqmı? Bir dəfə də yaxşı bir iş üçün ənənələr pozulsun, adətlər dəyişsin, olmazmı?


Ən böyük problem tıxacdır

Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov "Şərq”ə açıqlamasında şəhərin ən böyük probleminin tıxaclar olduğunu dedi:

- Tıxacların yaranma səbəbləri var. Bəzən buna sürücülər səbəb olur, bəzən də yolun buraxma qabiliyyətinə görə yaranır. Yağışlı, qarlı havada avtomobillərin hərəkət sürəti istər-istəməz aşağı düşür, buna uyğun da yolun buraxma qabiliyyəti aşağı düşmüş olur. Nəticədə avtomobil axını yavaşıyır, hərəkət intensivliyi zəifləyir və tıxac yaranır. Yolların hansı formada qurulması da səbəblərdən biridir. Bəzən dar yol müəyyən hissədə genişlənir, bu zaman görürsən ki, dar yolla hərəkət edən avtomobillər genişliyə çıxanda səpələnir və hərəkət asanlaşır, hərəkətin intensivliyi artır. Problem onda yaranır ki, geniş yol hardasa dar yola keçir. 

Bax belə olduqda yolda hərəkət çətinləşir. Hərəkət zolaqlarının azalması da tıxac yaradan başlıca səbəbdir. 3-4 zolaqlı yolun birdən-birə 2 zolaqlıya keçməsi, avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olur. Sürücülər çalışır ki, tez hərəkət zolağına keçsinlər, basırıq da belə yaranır. Sürücülərin hərəkət zolağı kəskin dəyişən yolda manevr etmək imkanları məhdudlaşır. Avtomobilin manevr etməsinə sərf olunan zaman kəsiyində artıq tıxac yaranır. Bakı-Sumqayıt yolunda tıxacların yaranmasının əsas səbəblərindən biri də enli yolun "20 Yanvar” dairəsi istiqamətində daralmasıdır. Bu da hərəkətin zəifləməsinə, sürət həddinin aşağı düşməsinə və nəticə etibarilə tıxacın yaranmasına gətirib çıxarır.

F.Eyyubov qeyd etdi ki, yağışlı havalarda, tıxaclar zamanı əsas yük yol polisinin üzərinə düşür:

- Yol polisləri hansı istiqamətdə çətinlik yaşanırsa, orada hərəkəti tənzimləməlidir. Daha burada işıqfora ümid edib gözləmək olmaz. Çünki işıqforlar tıxaclar zamanı bəzən hərəkətin tənzimlənməsinə, əksinə, mane olur. Hansı istiqamətdə avtomobil axını zəifdirsə, yol polisi axın sürətli olan yolda daha çox avtomobilin hərəkətini təmin etməyə çalışmalı, qarşı yolda avtomobillər bir qədər cəmləşdikdə, onlara yol verməlidirlər. Əsas hərəkət üstünlüyü sıxlıq yaşanan istiqamətə verilməlidir ki, tıxac yaranmasının qarşısı alınsın.

İşıqforlar da tıxac yaradır

Qeyd edək ki, Babək prospektinin "Baku Medical Plaza” qarşısından keçən hissəsində bu günlərdə işıqfor qoyulub. "Pik” saatlarda yolun həmin hissəsində tıxac yaranır. Sürücülər də deyir ki, işıqfor olmayanda, vəziyyət bundan yaxşı idi. Avtomobillər özləri hərəkəti tənzimləyirdi. Kəsişən yoldan gələn avtomobillərə yol verilirdi, hərəkət dayanmırdı, intensivlik zəifləmirdi. Amma işıqfor qoyulub deyə, indi orda tıxac yaranır. Çünki şəhərdən Qaraçuxur və Günəşli istiqamətinə axşam saatlarında avtomobil axını güclənir. "Baku Medical Plaza”nın qarşısı isə yoxuşdur. Yolun yoxuş olması onsuz da avtomobillərin hərəkət sürətinin zəifləməsinə səbəb olurdu, işıqfor da qoyulduğundan hərəkətin intensivliyi əməlli-başlı aşağı düşür.

Məsələyə münasibət bildirən F.Eyyubov işıqforlar qoyularkən hərəkət intensivliyinin mütləq nəzərə alınmalı olduğunu dedi:

- Bəzən işıqforlar həqiqətən də hərəkəti tənzimləmək əvəzinə mane olur. İşıqforların qoyulması elmi cəhətdən əsaslandırılmalıdır. Yol hərəkətində nizamlanan və nizamlanmayan yol ayrıcları anlayışı var. Əlbəttə, ən yaxşısı nizamlanan yol ayrıcılarıdır. Bunun da ən sadə üsulu işıqforlardır. Lakin görürük ki, işıqforlar heç də həmişə hərəkəti nizamlaya bilmir. Axşam və səhər saatlarında yollarda hərəkət intensivliyi dəyişir. Səhər saatlarında şəhərə axın güclüdürsə, axşam saatlarında axının istiqaməti şəhərdən kənarlara güclənir. Tıxaclar da bu zaman yaranır. İşıqforlar qoyularkən hərəkət istiqamətindəki intensivlik dəqiq müəyyənləşdirilməlidir. Həmçinin işıqforlar qoyulduqdan sonra da yola nəzarət edilməlidir ki, görsünlər vəziyyət necədir, işıqfor hərəkətin tənzimləməsinə nə dərəcədə yardım edir. Paytaxtın bir sıra küçələrində zərurət yarandıqda fasiləsiz hərəkət təmin edilir, işıqforlar "yaşıl dalğa” sisteminə keçirilir. Bu da tıxacların aradan qaldırılmasının bir yoludur. Digər yollarda da işıqforlara nəzarət edilməlidir, hərəkət sıxlığından asılı olaraq işıqforların fazası dəyişməli, nizamlanmalıdır.

Sututarlar təmizlənmədiyi üçün...

Paytaxtın əsas problemlərindən biri də yağış sularının yollarda və yol kənarlarında yığılıb qalmasıdır. F.Eyyubov bildirdi ki, bunun əsas səbəbi su kanalizasiya sisteminin köhnəlməsidir:

- Bilirsiz ki, hazırda paytaxtın su-kanalizasiya sisteminin yenilənməsi prosesi gedir. Yeni binalar, yaşayış massivləri salındıqca, kanalizasiya sistemini də onlara müvafiq qurmağa çalışırlar. Qayda budur ki, yağış suları və məişət suları üçün kollektorlar ayrı olmalıdır. Zərurət yarandıqda, yağıntının miqdarı normadan artıq düşdükdə subasmalar, yollarda gölməçələr yaranmasın deyə yağış sularını bəzən məişət suları üçün nəzərdə tutulan kollektorlara yönəldirlər. Amma qaydaya görə yağış suları üçün ayrıca kollektor olmalıdır. 

Paytaxtın su-drenaj sisteminin nizamlı fəaliyyəti təmin edilməlidir. Başqa problem yol kənarlarındakı su axıdıcıların vaxtlı-vaxtında təmizlənməməsidir. Problem yaradan budur. Su axıdıcılar təmizlənmədiyindən sular yol kənarlarında, asfaltda yığılıb qalır. Bu işlə kommunal təsərrüfatı idarələri məşğul olmalı, su axıdıcıların vəziyyətini yoxlamalı, təmizlik işləri aparmalıdırlar. Aparılan tikintilər zamanı su-drenaj sisteminin mövcud durumu nəzərə alınmır deyə, sonradan problemlər yaranır, su axıdıcıların, kanalizasiya xətlərinin su kütləsini axıtmağa gücü çatmır.

Məlahət Rzayeva