Bakıda bəylə gəlin toya motosikletlə gəlib

Bu hadisələr ətrafdakı insanların da diqqətini çəkib
Bakıda gəlin və bəy toya qeyri-adi formada gedib.
ANS PRESS-in məlumatına görə, bu dəfə bəylə gəlin toya adət etdiyimiz formada -yəni avtomobildə deyil, "Vespa" markalı motosikletlə gəlib. Onları, eyni zamanda, bir neçə nəfər gənc də müşayiət edib. Paytaxt küçələrində gəzən cütlük xeyli əyləndikdən sonra toy mərasiminə gediblər.
Bu hadisə ətrafdakı insanların da diqqətini çəkib. İnsanlar bəy və gəlini təbrik ediblər.
Bu gün Azərbaycanda daha bir toyda maraqlı hadisə baş verib. Lənkəranın Şirinsu kəndindən Yardımlıya doqquz "KAMAZ”dan ibarət toy karvanı yola düşüb. Toyun səbəbkarı 26 yaşlı Ramil Əkbərov yük maşınının sürücüsü olduğu üçün maraqlı ideya həyata keçirib.
Yardımlı rayonuna qız gətirməyə gedən toy karvanında bu dəfə avtomobilləri 9 "KAMAZ” əvəzləyib. Xüsusi bəzədilən "KAMAZ” karvanı həm dağ yolunda daha rahat hərəkət edib, həm də bəy və gəlin üçün unudulmaz bir xatirə kimi yaddaşlara həkk olunub.