Bakıda polis idarəsinin köhnə binasındakı yanğın söndürüldü - YENİLƏNİB





Bu gün Bakının mərkəzində, metronun "Sahil" stansiyası yaxınlığıda Səbail rayon Polis İdarəsinin köhnə binasında baş vermiş yanğın söndürülüb. Lent.az-ın məlumatına görə, əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadalarının səyi nəticəsində qapalı yanğının mənbəyi müəyyənləşdirilib və lokallaşdırılmış yanğın tam söndürülüb.
Bildirilir ki, hazırda dörtmərtəbəli binada tüstülənmə az da olsa davam edir və yanğınsöndürənlər divarları sökməklə məşğuldur.
*****
16:38
Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva küçəsi 24/52 ünvanında yanğın hadisəsi qeydə alınıb. Mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarında tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.
*****
15:13
Bu gün günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.
Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.
Hazırda yanğın nəzarətə alınıb və tezliklə söndürüləcək.