Sənəddə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli dəstəklənib
Ziyafət Əsgərov: “Azərbaycana qarşı ikili standartlar yürüdürlər, amma Ermənistana qarşı sanksiyalar tətbiq edilmir”
Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası dünən öz işini başa çatdırıb. İclasın sonunda Birgə Bəyanat qəbul olunub. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həlli məsələsi bir daha dəstəklənib.
Sonuncu iclasda 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasın əsas müzakirə mövzusu da "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar” olub. Bu cür münaqişələrin regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxardığını deyən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların məlum sənədlərini xatırladıb. Bildirib ki, beynəlxalq qurumların sənədlərinə və hüququn tələbinə baxmayaraq, Ermənistan hərbi təcavüzünü davam etdirir, Azərbaycan ərazilərini işğal altında saxlayır:
"Ermənistan silahlı qüvvələri təmas xəttindəki yaşayış məntəqələrimizi daim atəşə tutur, hərbçilərlə bərabər mülki şəxsləri də hədəf alırlar”. Diplomat diqqəti Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinə yönəldərək qurumun buna münasibət göstərməsinin vacibliyini önə çəkib. Əlavə edib ki, Ermənistan Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını alır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, regional əməkdaşlığın böyük potensialı olsa da, daha da genişləndirilməsinə mane olan yeganə səbəb Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir. "Əlbəttə, istərdik ki, Ermənistanla əməkdaşlıq olsun, sülh olsun, amma bir şərtlə ki, işğal edilmiş Azərbaycan torpaqları azad edilməlidir. Bütün regionda sabitlik və sülh yaranmalıdır ki, Cənubi Qafqaz regionu sürətlə inkişaf etsin. Hesab edirəm, burada səmimi söhbət edə bilərik. Azərbaycana qarşı ikili standartlar yürüdürlər, amma Ermənistana qarşı sanksiyalar tətbiq edilmir.
Bu işdə Avropa İttifaqına, Avropa Parlamentinə nə mane olur?! Axı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair özü qətnamə qəbul edib”.
Milli Məclisin deputatı Sahibə Qafarova da bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız, o cümlədən qadın və uşaqlar qətlə yetirilib. Bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub: "Azərbaycana qarşı bu işğalçılıq siyasətindən qadınların və uşaqların çəkdiyi zərərlər birbaşa itkilərlə yanaşı, həm də sonrakı mərhələdə ciddi iqtisadi, sosial çətinliklərlə müşayiət olunub. Qadın qaçqın və məcburi köçkünlərin bu gün üzləşdikləri əsas problemlərdən biri onların bərpa və inteqrasiyası ilə bağlıdır. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatında mənfi fəsadlara yol açıb”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Flora Qasımova, Elman Nəsirov və başqaları da Ermənistanın işğalçılıq siyasətindən, Avropa İttifaqının ikili standartlarından danışaraq əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimadın və hörmətin vacibliyini önə çəkiblər. Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə Avropa üçün təhlükə olduğu qeyd edilib. Regionda sülhün və təhlükəsizliyin önəmi vurğulanaraq diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasında çox önəmli tərəfdaşdır.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim bildirib ki, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımaqda da davam edəcəyik. Avropa parlamentinin vitse-spikeri Hadi Hautala münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını dilə gətirib.
İsmayıl