“Zəngin adam görür ki, küçədə kimisə təbrik edib gül verirlər, o demək deyil ki, o da dərhal bu aksiyaya qoşulacaq”
Martın 7-də səhər saat 6:00-dan başlayaraq "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın müxtəlif yerlərində "Biz sizi unutmadıq - 5” adlı aksiya keçirib.
Birliyin üzvləri Bakının ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.
"Yeni Üfüq” İB-nin sədri Sevinc Əzimbəyli deyib ki, artıq 5 ildir 8 Mart bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya keçirilir: "Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz qadınlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk, digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol oynayan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox sevindirici haldır ki, bu il "Biz siziunutmadıq - 5a” adlı aksiyamıza dəstək olaraq, onlarla xeyir sevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşulmaqla öz həmrəyliklərini bildiriblər”.
Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızıl güllər təqdim edilib.
Məsələ ilə bağlı formallığın olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu əsas diqqətin informasiya faktoruna yönəldilməsini bildirib. Sosioloqun fikrincə, insanların baş verən hadisə ilə bağlı o qədər də geniş məlumatı yoxdur:
"Bu hadisələr o zaman geniş yayılır ki, orda formallıq olmur. Bəzi məsələlər aksiya keçirmək xatirinə ola bilir və insanların bu barədə hələ tam xəbəri olmur. Çünki şəhərdə camaat dərk etmir ki, bu, nə olan məsələdir. Formallıq xatirinədir, yoxsa ciddi həyata keçirilir? Zəngin insanların özündən soruşsaz ki, onların xəbər varmı bunlardan. Görəcəksiz ki, çoxunun heç məlumatı yoxdur ki, nə baş verir. Zəngin adam görür ki, küçədə kimisə təbrik edib gül verirlər, o demək deyil ki, o da dərhal bu aksiyaya qoşulacaq. Deməli, bu işin hələlik maarifləndirmə və təbliğat tərəfi lazımlı şəkildə getməyib. Eyni zamanda söhbət təkcə təbliğatdan da getmir.
Çünki son vaxtlar bir çox şeyləri təbliğ edirlər, sonra da görürlər ki, bu sadəcə olaraq reklam hesabınadır. Gərək mahiyyət etibarı ilə də insanlar görsün ki, doğrudan da bu ciddi işdir və insanlara nə dərəcədə bir faydası var. Belə hallarda çox incə məsələlər var. Əvvəlcə ciddi mexanizm qurulmalıdır. Sonra ciddi təbliğat aparmaq və insanlar məlumatlandırılmalıdır. Yoxsa siz bu dəqiqə yoxlamaq üçün 10 zəngin adama zəng edib soruşa bilərsiz ki, bu aksiyada niyə iştirak eləmirsiz? O deyəcək ki, mən bilmirəm bu nə olan şeydir. Yəni burda informasiya azlığı var”.
Yeganə Bayramova