Sürücülər dayanma qaydalarını pozub sıxlıq yaradırlar
Tıxac əsasən məktəblərin qarşısında yaranır. Valideyn avtomobilini düz məktəb qapısında saxlayıb uşağını dərsdən götürür
Yeni dərs ilinin başlaması paytaxt yollarında tıxaclar yaradıb. Tıxacların yaranmasında əsas səbəb isə sürüclərin ali və orta məktəblərin qarşısında "dayanma-durma” və "parklanma” qaydalarına biganə yanaşmasıdır. Şəhərdəki sıxlığın qarşısını almaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müəyyən tədbirlər görülür.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sıxlığın müşahidə olunduğu ərazilərdə - yol ayrıclarında, piyada keçidlərində hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur: "Orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütəmadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktik iş aparılır. Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, dayanma və durma qaydalarında etinasızlıq, biganəlik, yollarda süni sıxlıq, ləngimə və tıxac yaradır. Bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətdir. Hər bir hərəkət iştirakçısı-sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar”.
Tıxacların yaranmasında müxtəlif səbəblər olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq”ə açıqlamasına görə, orta və ali məktəblərdə avtomobillərin saxlanması yolun hərəkət hissəsini daraldır. Hərəkət hissəsinin daralması nəticəsində isə yolun buraxma qabiliyyəti azalır: "Yolun buraxma qabiliyyətini artırmaq üçün müəyyən reydlər keçirilir və avtomobillərin dayanmasına icazə verilmir. Amma bu tədbirlər mütəmadi olmalıdır. 6 və bazar günləri dərslər olmayanda, tıxac olan ərazilərə baxmaq lazımdır. Əgər həmin ərazilərdə tıxac dayanmaya görədirsə, onda dayanan avtomobilləri götürməklə tıxacların qarşısını almaq olar. Amma elə yerlər var ki, orda məktəblər yoxdur, lakin tıxaclar əmələ gəlir. Əgər tıxacların yaranma səbəbləri müəyyən edilərsə, ola bilsin ki, alternativ yolla istiqamət dəyişdirilə bilər”.
F.Eyyubov orta məktəblərin 30-50 metrliyində nəqliyyat vasitələrinin dayanması üçün müəyyən yerlərin yaradılmasını təklif edib. Ekspert bildirib ki, övladını məktəbə gətirən valideynlər uşaqları elə həmin yerdən götürə bilərlər: "Çünki valideynlərin çoxu avtomobillə gəlib birbaşa məktəbin çıxış qapısının qarşısında dayanırlar. Buradan tələbələri və şagirdləri götürmək bir qədər çətin olur və sıxlıq yaranır”.
Son zamanlar tıxaclarla bağlı aidiyyəti qurumların əlindən gələn tədbirləri gördüyünü deyən ekspert, paytaxtda tıxacların olmasını qlobal bir problem adlandırır: "Bakı qədim şəhərdir və elə yollar var ki, onlar geniş formada nəqliyyat vasitələrinin intensivliyini götürə bilmir. Ona görə də müəyyən çıxış yolları tapırlar. Düşünürəm ki, bu işin öhdəsindən gəlmək üçün gələcəkdə yol hərəkəti ilə bağlı müəyyən dəyişikliklər aparmaq lazımdır. Məsələn, ola bilsin ki, bəzi yerlərə xüsusi avtomobillərin girişi qadağan olunsun. Ümumiyyətlə paytaxt ərazisindəki sıxlığı aradan qaldırmaq üçün müxtəlif yollara əl atırlar. Ona görə də hər bir tədbiri alqışlayıram”.
Bəzən sürücülər tıxacların yaranmasına səbəb olaraq işıqforda qadağan edilən saniyələrin çox olduğunu deyirlər. F.Eyyubov sürücülərin iradı ilə razılaşdığını bildirib: "Hansısa yolda yaşıl işığın saniyəsi daha çoxdur. İntensivliyi çox olan yollarda yaşıl işıqlar daha çox yanır. Bir də var ki, yaşıl işıq hərəkətin intensivliyinə uyğun olaraq müəyyənləşdirilir. Bəzən hansısa küçədə bir istiqamətdə olan yollarda qırmızı işığı 90 saniyə olaraq qoyurlar. Bu da sürücülərdə müəyyən narahatlıq yaradır. Amma bu saniyələr intensivliyə uyğun olaraq yaradılsa, daha düzgün olar. Ona görə də nizamlamada müəyyən səhvlər var. Düzdür, işıqforda saniyələrin düzgün verilməməsi tıxacların yaranmasına səbəb ola bilir. Yaxşı olardı ki, yaşıl və qırmızı işıqla bağlı saniyələr nizamlansın”.
Yeganə Bayramova