Baş nazir istefa verdi

Davudoğlu Ərdoğanın dedikləri ilə hərəkət etmək istəməyibƏhməd Davudoğlu: “AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim”
Rəcəb Tayyib Ərdoğan: "Bu, Baş nazirin öz qərarıdır”
Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Əhməd Davudoğlu arasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) gələcəyi ilə bağlı təkbətək görüş olub. Prezidentin iqamətgahında 1 saat 40 dəqiqə davam edən görüşdə may ayının sonunda AKP-nin fövqəladə qurultayının keçirilməsi ilə bağlı qərar verilib.
Səbəbini açıqladı...
Qurultay qərarından sonra Əhməd Davudoğlu AKP və Baş nazir postundan istefa verib və getməsinin səbəbini belə izah edib: "Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç bir zaman vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: "Yoldan öncə yol yoldaşı”. Ancaq bunu görə bilmədim. Hamımızın bir hesabat verməsi lazım idi. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim. Partiyamız yeni mərhələyə qədəm qoyub. 22 mayda fövqəladə iclas keçirilməsi qərarı aldım. Razılaşmanın olmadığı yerdə namizəd olmağı düşünmürəm. Verdiyim bu qərarda hər hansı bir uğursuzluq və ya peşmanlıq hissi yoxdur. Həyatda inanmadığım heç bir şeyi etmədim. AKP-də sədrlik etdiyim dövrdə heç bir istefa olmayıb, heç kim partiyadan ayrılmayıb. Ən böyük hədəfim partiyamın birliyini qorumaq olub. Məndən soruşurlar ki, niyə siz fövqəladə qurultayda sədrliyə namizədliyinizi vermirsiniz? Bu, bir peşmanlıq deyil. Mənim prinsiplərim var”.
"Ərdoğanla münasibətlərimi heç vaxt pozmayacağam”
Baş nazir öz çıxışında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan münasibətlərinə də aydınlıq gətirib: "Türkiyə Prezidenti Ərdoğanla münasibətlərimi heç vaxt pozmayacağam. Onunla son nəfəsimə qədər dostluq və qardaşlığımı qoruyacam. Prezidentimizə vəfalı olaraq qalacağam. Buna heç kimin şübhəsi olmasın. Onun ailəsi mənim, mənim ailəm onun ailəsidir. Millət vəkili olaraq, demokratikləşmə yolunda mübarizəmi davam etdirəcəyəm”. Davudoğlu heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: "Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə, haqqınızı halal edin”.
Davudoğlunu kim əvəzləyəcək?
AKP qurultayında Baş nazir postuna kimin namizəd irəli sürüləcəyi haqda bir neçə variant var. Məlumatlara görə, namizədlərdən biri Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrakdır. Digər namizəd nəqliyyat naziri Binəli Yıldırımdır. Habelə ədliyyə naziri Bekir Bozdağın və Baş nazirin müavini Nüman Kurtulmuşun da adları çəkilir. Mətbuat yazır ki, Ərdoğan artıq yeni Baş nazirin kim olacağını müəyyən edib və həmin şəxsin adı sürpriz olmayacaq. Xatırladaq ki, Davudoğlu AKP-də Ərdoğandan sonra ən güclü və xarizmatik lider hesab edilirdi. Keçmiş Prezident Abdullah Gülün Ərdoğanla yollarını ayırmasından və AKP-dən getməsindən sonra hakim partiyada önə çıxa biləcək başqa siyasətçi gözə dəymir. AKP faktiki olaraq tək liderin partiyasına çevrilib. Partiyanın bir çox simalarının adı korrupsiya qalmaqallarına bulaşıb və siyasi karyeralarına ciddi zərbə dəyib. İndi gözlənilir ki, mayın sonunda təyin ediləcək yeni Baş nazir Davudoğlundan daha çox formal fiqur olacaq.
"Baş nazir vəzifəsindən öz istəyi ilə gedir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayı və Əhməd Davudoğlunun istefasına münasibət bildirib. Ərdoğan "xeyirli olsun. Bu, Baş nazirin öz qərarıdır” deyib. Prezident bəyan edib ki, Türkiyənin hakim partiyasının növbəti qurultayı bu il mayın 22-də baş tutacaq. Qurultayda partiyanın lideri, Baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək.
"Davudoğluna haqqımı halal edirəm”
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu partiyanın İdarə Heyətinin toplantısında Baş nazir Əhməd Davudoğlunun istefasına münasibət bildirib. "Hörmətli Əhməd Davudoğluna haqqımı halal edirəm” deyən CHP sədri bəyan edib ki, Davudoğlu milli iradə ilə iqtidara gəlsə də, bir nəfərin "istəyi” ilə gedir.
"Davudoğlu Ərdoğanın dedikləri ilə oturub-durmaq istəmir”
"Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Ərdoğanla Davudoğlu arasında siyasi sistemin gələcəyinə yanaşma ilə bağlı ciddi fikir ayrılıqları var idi: "Prezident üsul-idarəsinin tətbiqində, AKP-nin idarə olunmasında, Avropa müzakirələrində, PKK söhbətlərində, deputatların toxunulmazlıq məsələsində Baş nazirlə Prezident arasında mübahisələr yaşanıb. Əslində onlar özləri də bunu gizlətmirdi. Amma güman edirdilər ki, fikir ayrılıqlarına rəğmən birlikdə yola davam etmək mümkün olacaq. Görünən odur ki, ayrılıq vaxtı çatıb. Davudoğlu Ərdoğanın dedikləri ilə hərəkət etmək istəməyib. Ərdoğanın Baş nazirin müəyyən səlahiyyətlərinə müdaxiləsi, təyinatlarda öz sözünü deməsi Davudoğlunun xoşuna gəlməyib. Baş nazirin küskünlüyünün əsas səbəbi partiyanın sonuncu iclasında səlahiyyətlərinin çox hissəsinin əlindən alınmasıdır. Lakin hökumət böhranı yaranmaması üçün Davudoğlunun istefa qərarı dərhal qəbul olunmayıb və növbədənkənar qurultay təyin edilib. Qurultayda yeni sədr seçiləcək və yeni hökumət qurulacaq”.
"Çox güman ki, sədr Nüman Kurtulmuş olmayacaq, çünki...”
Politoloq bildirib ki, bu dəfə seçilən sədr müvəqqəti olmayacaq. Çünki Davudoğlunun başqan seçilməsinin üzərindən çox qısa zaman keçib: "Eyni şeyin yenidən yaşanmasına icazə verilməyəcək. Ərdoğan rahat idarə edə biləcəyi bir namizədi irəli sürəcək. Çox güman ki, bu, Nüman Kurtulmuş olmayacaq. Onun da xarakteri Davudoğlu kimidir, o da "yolagetməzdir”. Digər namizədlərlə Ərdoğan rahat şəkildə anlaşa bilər. Hətta Türkiyədəki siyasi sistem dəyişsə, Ərdoğan özü AKP-nin sədrliyinə qayıdar”.
İsmayıl