Baş redaktor MTN-ə müraciət edib

“Çox istərdim ki, bizə qarşı hücumun arxasından Nəqliyyat Nazirliyi çıxmasın”



Bir neçə gün öncə hakker hücumu nəticəsində dağıdılan avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı artıq bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib. Bu barədə E.Muradlının özü "Şərq”ə danışarkən bildirib.

Baş redaktor digər aidiyyəti qurumlara da müraciət ünvanlayacaqlarını bildirib: "Bu artıq bizim sayta qarşı ikinci hücumdur. Amma bu hücum biabırçı vəziyyətdə olub. Səviyyəsiz hərəkətlərə ancaq əxlaqsız adamlar yol verər. Onlar da öz əxlaqlarını göstərdilər. Biz heç kimə qara yaxmırıq, işinə kölgə salmırıq. Nöqsanlardan yazırıqsa, nöqsanları aradan qaldırsınlar. Saytı dağıtmaqla nə əldə edəcəklər? Saytı dağıtmağa xərclədikləri pula gedib körpələr evinə yardım eləsəydilər, məncə daha faydalı olardı”.

E.Muradlı hakker hücumuna görə, Nəqliyyat Nazirliyini təqsirli bilməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib: "Konkret onları ittiham eləmirəm, amma son vaxtlar nəqliyyat sektoru ilə bağlı bir-iki tənqidi yazılar vermişdik və bundan sonra bu hücum təşkil edildi. Eşitdiyimə görə, başqa bir sayt da nəqliyyat sektoru ilə bağlı tənqid yazdığı üçün o sayta da hakker hücumu edilib. Çox istərdim ki, bizə qarşı hücumun arxasından Nəqliyyat Nazirliyi çıxmasın. Çıxarsa, bu çox biabırçı hərəkətdir. Dövlət qurumunun mətbuata qarşı hücumunun adını artıq hər kəs bilir”.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək istəsək də, ənənəvi olaraq qurumun mətbuat sözçüsü Namiq Həsənovla əlaqə saxlaya bilmədik. Həmişəki kimi "nahardan sonra”, "işlə bağlı sahədədir” və ya "bu gün işə gəlməyib” kimi bizə cavablar verildi. Mobil nömrəsinə etdiyimiz zənglərə isə bizə məlum olmayan səbəblərə görə cavab vermədi”.

Məlumat üçün qeyd edək ki, hakker hücumu nəticəsində sayt sıradan çıxarılmışdı. Lakin "Avtosfer.az saytı dünəndən fəaliyyətini bərpa edib. Beynəlxalq və yerli qanunlara görə kiberhücumlar cinayət sayılır.

Vüqar Şahinoğlu