Baş redaktorlar nikbindir

Bütün problemlərə rəğmən mediamızın cəmiyyətə təsir imkanları qalır


(əvvəli ötən sayımızda)

Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən medianın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Müasir dövrdə kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.

Media cəmiyyətin aynası olmaqla yanaşı, həm də onun maarifləndirilməsi işində yaxından iştirak edən bir sahədir.

Çünki jurnalistika fərdləri deyil, kütləni, cəmiyyəti kamilliyə çağırır. Yaranışından sözü sərbəst, azad ifadə etmək hüququ uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini, onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək, bütövlükdə sənətin, xüsusilə bədii sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin böyük karifeyləri cəmiyyətin kamilləşməsi yolunda min bir zillət çəkib.

Jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Bu öhdəliklərdən biri və başlıcası onun nöqsanları aşkar etmək və göstərmək işi ilə bağlıdır. Jurnalistikanın "dördüncü hakimiyyət” rolunda çıxış etməsi bu vəzifədən irəli gəlir.

Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir. Media insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir.

Hər nə qədər ictimaiyyətin bir kəsimi hazırkı reallıqda Azərbaycan mediasının cəmiyyətə təsir imkanının olmamasını iddia etsə də, media nümayəndələrinin əksəriyyəti onların bu fikirləri ilə qəti şəkildə razılaşmırlar. Ekspertlər hesab edir ki, media bu gün də cəmiyyəti öz arxasınca aparmağı bacarır. Yəni "medianın təsir imkanları yoxdur” kimi fikirlər absurddur. Peşəkarlara görə, mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. KİV-lərin maarifləndirici funksiyası bir xeyli axsasa da, medianın güclü silah olduğunu etiraf edirlər. Hesab edirlər ki, hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir. Sözsüz ki, əksini düşünən media ekspertləri də yox deyil.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin dediyinə görə, bütün problemlərə rəğmən mediamızın cəmiyyətə təsir imkanları var.

- Demək olmaz ki, media cəmiyyəti öz arxasınca aparmağı bacarır. Amma medianın təsir imkanları yoxdur demək də yanlışdır: "Mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. Ancaq medianın ictimai əhəmiyyətli, yoxsa şou xarakterli mövzuları gündəmdə saxlaması tamamilə başqa məsələdir. Hesab edirəm ki, KİV-lərin maarifləndirici funksiyası xeyli axsayır. Ancaq istənilən halda etiraf etmək lazımdır ki, media güclü silahdır. Hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir”.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, iddia edildiyi kimi medianın cəmiyyətə deyil, müvafiq icra hakimiyyəti orqanlarına, məsuliyyət daşıyan qurumlara və şəxslərə təsir imkanları azalıb: 

"KİV-lərin işi cəmiyyəti informasiya ilə təmin etmək, meydana gələn qüsurları ictimailəşdirməkdir. Problemin həlli yolu isə məsələnin ikinci tərəfidir. Media tərəflərin vəkili rolunda çıxış etmir, sadəcə işini görür. Təbii ki, yazılan hər bir obyektiv tənqiddən nəticə çıxarmaq isə qarşı tərəfin işidir. Əlbəttə, 20 il əvvəl medianın yazdıqlarına, qaldırdıqları problemə daha çox etibar edir, onun həlli istiqamətində operativ addımlar atırdılar. Bunun da obyektiv səbəbləri var idi. Əvvəla, indiki kimi yazılı, elektron və internet media bolluğu yox idi. İndi internet saytların sayı-hesabı bilinmir, sosial şəbəkələr, bloqlar ciddi medianın da işini görməyə iddialıdırlar. Bu da mövcud bazarda ciddi anarxiya yaradıb, kimin əli kimin cibində bilinmir. Nəticədə KİV-lərin yazdıqlarına daha az etibar edirlər”.

"Report.az” informasiya agentliyinin baş redaktoru Murad Əliyev isə deyib ki, medianın cəmiyyətə təsir imkanı son illər birmənalı şəkildə artıb ki, azalmayıb: 

"Buna ilk növbədə əhalinin daha çox hissəsinin məlumatlara çıxışının olmasıdır. Ötən əsrdə və elə 2000-ci illərin əvvəllərində də Azərbaycanda insanlar əsasən televiziya xəbər buraxılışlarında və gündəlik qəzetlərdən xəbər əldə edə bilirdilərsə, hazırda çoxsaylı internet xəbər resurslarında bütün sahələrdən xəbərdar olmaq mümkündür. Sosial şəbəkələrin də geniş yayılması xəbərlərə çıxışı bir qədər də asanlaşdırdı. Təbii ki, media sahəsində yaranan rəqabət mühiti hər bir mətbu orqanı xəbərləri daha geniş şəkildə işıqlandırmasına sövq edir. Bunu sosial problemlərlə də bağlı söyləmək olar - əvvəl bir problem bir rakursdan işıqlandırılırdısa, indi hər sayt, hər agentlik həmin problemin müxtəlif səbəblərini araşdırır. Misal üçün, günümüzün problemlərindən danışsaq, əvvəllər də yağış suları Bakıda bir sıra problemlər yaradırdı. Lakin indi hər sosial şəbəkə istifadəçisinin telefonla video, foto çəkib geniş kütlə ilə paylaşması, veb-resursların operativ məlumat verməsi bu problemi daha çılpaqlığı ilə göstərdi.

O ki qaldı qaldırılan problemlərin həllinə, nəzərə alaq ki xəbərlərin sayı, problemlərin işıqlandırılması artıb, amma bir sıra müvafiq dövlət qurumlarında ötən əsrdə işlədikləri kimi işləyirlər. Düzdür, bir sıra strateji əhəmiyyətli qurumlar işlərini təkmilləşdirib, əsasən də mətbuatla iş sahəsində yeni yanaşmalar tətbiq edirlər. Amma etiraf edək ki, dövlət qurumlarının öz işlərini təkmilləşdirmə sürəti cəmiyyətin məlumatlara çıxış sürətindən dəfələrlə geri qalır”.

"Milli. Az” informasiya portalının baş redaktoru Anar İmanov Azərbaycanda medianın təsir imkanlarının hələ də kifayət qədər böyük olduğu qənaətindədir: 

"Dəfələrlə görmüşük ki, xəbərlərin yayımlanmasından sonra ciddi tədbirlər görülüb. Sadəcə vaxt alıb onları sadalamaq istəmirəm.
Bu məsələnin digər tərəfi var. O qədər saytlar, KİV-lər yaranıb ki, aralarında əlbəttə ki, qeyri-peşəkarları da var. Bu qeyri-peşəkarlıq isə bəzi oxucularda inamsızlıq yaradır. Bunun nəticəsində də peşəkar KİV-lərə də inam, etibar azalır. Amma buna baxmayaraq oxucular ciddi, mediada özünü doğrultmuş KİV-lərə inanır. Redaksiyamıza gəlirlər, şikayətlər ünvanlayırlar, şərhlər bölümündə və WatsApp vasitəsilə, digər yollarla da kömək istəyirlər.

21-ci əsrdə yaşayırıq, internet dövründə. Artıq insanlar xəbərləri daha çox saytlarda, sosial şəbəkələrdə oxuyur. Yəni hansı vasitə ilə daha tez informasiyanı əldə edirsə, elə ondan da istifadə edir. İnformasiyaların əldə edilməsi üçün də, fikrimcə, saytlar ən yaxşı vasitədir. İnformasiyalar oxucular tərəfindən əldə olunur, müzakirə edilir, onlarla bağlı hər hansı qərarlar da verilir və s. - ona görə də deməzdim ki, medianın gücü yoxdur və ya azalıb. Əksinə, tam əminliklə deyə bilərəm ki, medianın gücü və təsir imkanları daha da artır”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb