Baş redaktorlar sərəncamı alqışladı: "Bizim üçün böyük dəstəkdir"

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.
Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.
Qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının durumunu qismən də olsa yaxşılaşdıra bilərmi?
Sualımızı cavablandıran "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, bununla bağlı Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov da Milli Məclisdə müraciət edib:
"Çox sevinirik ki, hər zaman olduğu kimi ölkə mətbuatının problemlərinə həssas yanaşılır. Prezident İlham Əliyev bu dəfə də mətbuatı nəzərə aldı. Bu qərar indiki çətin iqtisadi durumda çap mətbuatına bir qədər kömək olacaq”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə sözügedən qərara görə, ölkə başçısı İlham Əliyevə dərin təşəkkürünü ifadə edib:
"Bu, çox böyük xidmətdir. Yaranmış iqtisadi çətinliklər çap mətbuatının da müəyyən problemlərlə qarşılaşmasına səbəb olmuşdu. Xüsusilə, kağız məmulatlarının əldə olunmasında xərclər və çətinliklər yaranmışdı. Hesab edirəm ki, ölkə başçısının imzaladığı sərəncam, qəzet kağızının rüsumdan azad olunması birmənalı şəkildə məsələni yüngülləşdirəcək. Bu, çap mətbuatına böyük diqqət və maliyyə dəstəyidir. Bu dövlət siyasəti ölkə başçısının mətbuat işçilərinə göstərdiyi qayğının bir hissəsidir. Bizim üçün böyük dəstəkdir. Qəzetlərin bundan sonra çap məmulatlarını əldə etməsi asanlaşacaq. Alqışlayıram”.
MŞ-in bilavasitə iştirakı ilə imzalanan, KİV, qəzet baş redaktorlarının dövlət başçısına ünvanladığı müraciəti xatırladan "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələyə diqqətlə yanaşılmasını təqdir edib:
"Bu, tək qəzetlər üçün deyil, eyni zamanda ölkədə nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar üçün də əhəmiyyət kəsb edir. Bu qərar medianın büdcəsinə də müsbət təsir göstərəcək. Azərbaycan hökuməti medianı hər zaman diqqətdə saxlayır. Klassik medianın xüsusilə qorunub saxlanması üçün ölkə başçısının dəstək göstərməsini müsbət qiymətləndirirəm”.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, bu gözlənilən və gərəkli qərardır. Baş redaktor vurğulayıb ki, ölkə başçısı illərdir, çap mətbuatına dövlət dəstəyini davam etdirir:
"Qəzet kağızının idxal rüsumlarından azad olunması onun qiymətinə böyük təsir göstərir. Əgər qəzet kağızının qiyməti aşağı düşəcəksə, çap tariflərinə də nəzərəçarpan dəyişikliyi göstərməlidir.
Bütün mətbuatın mənafeyi naminə prezidentin özündən asılı olan addımını yüksək dəyərləndirmək lazımdır. Məsələnin bundan sonrakı tərəfi isə nəşriyyatların ölkə başçısının qərarından nəticə çıxarmasından asılıdır. Nəşriyyat rəhbərləri ümumi mətbuatın inkişafı nöqteyi-nəzərdən, prezidentin yanaşmasından lazımi nəticəni çıxaracaq, öz imkanları çərçivəsində qərarı davam etdirəcəklərsə, qəzet kağızlarının qiyməti xeyli aşağı düşə bilər. Fikrimcə, dövlət orqanları nəşriyyatların vəzifələrinin icrasına nə dərəcədə məsuliyyətlə yanaşmasına nəzarət etməli, monitorinq aparmalıdır. Əks halda nəşriyyat rəhbərləri variasiyalara imkan verə bilərlər. Məsələn, deyə bilərlər ki, biz əvvəl alınan kağızlardan istifadə etdiyimizə görə, tarifləri hələlik aşağı salmaq mümkün deyil və s. Nəşriyyatlar öz addımlarında qalsa, praktikada ölkə başçısının mühüm qərarının tətbiqi effektiv olmaz”.
Aysel Aslan
Ayyət Əhməd