"Baş serjant" "kiçik serjant"ın adından protokol yazdı

Yol polisinin adi qayda pozuntuları zamanı sürətlə avtomobilin ardınca düşməsinə ehtiyac yoxdur



«Yol-patrul xidməti əməkdaşları sürücü yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradarsa, avtomobili izləyib dayandırılmasını tələb etməlidir». Bunu «Şərq»ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, «Digesta» Hüquq firmasının rəhbəri Ərşad Hüseynov bildirib. Bir neçə gün əvvəl (24.12.08 tarixində) «Şərq» qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərli «İstiqlaliyyət» küçəsində yol-hərəkəti qaydasını pozub. Özü də bunu etiraf edir. Deyir ki, yolda tıxac olduğundan bir neçə avtomobilin arxasına düşərək o da avtomobilini yolun əks istiqaməti ilə arxa küçəyə sürüb. Bir az keçmiş YPX inspektoru (baş?) serjant Samir Kərimov vətəndaşın avtomobilinin arxasınca düşüb, hərəkətin sıx olduğu yerdə motosikleti ilə təhlükəli vəziyyət yaradaraq onu dayandırıb. Bundan sonra inspektor avtomobilə yaxınlaşıb, lakin özünü təqdim etməyib. Y.Nəzərli tələb etdikdən sonra inspektor özünü və vəsiqəsini təqdim edib. Sual doğuran bir məsələ də inspektorun özünü «baş serjant» kimi təqdim etməsi, lakin protokolda «kiçik serjant» yazılmasıdır. "Baş serjant" bu kobud səhvin idarədə olduğunu bildirib.

Məsələ ilə bağlı Ə.Hüseynov bildirdi ki, sürücü yol-hərəkəti qaydalarını pozmamalıdır. İstəyir tıxac olsun, ya da hansısa başqa ekstremal vəziyyət. Belə vəziyyətlərdə sürücü yalnız yol polisi əməkdaşının göstərişi ilə qaydaları poza, yaxud avtomobili polisin göstərişinə uyğun istiqamətdə idarə edə bilər. 

YPX əməkdaşının özünü təqdim etməsinə gəlincə, YPX haqqında təlimata uyğun olaraq ilk növbədə polis əməkdaşı vətəndaşa özünü təqdim etməli və hansı qayda pozuntusuna yol verdiyini izah etməlidir:

- İstənilən halda vətəndaşın polisin hərəkətindən şikayət etmək hüququ var. Şəhərin elə yerləri var ki, yol hərəkəti qaydalarını pozan sürücünü dərhal saxlamaq olmur. YPX əməkdaşları avtomobil təhlükəli vəziyyət yaratdıqda sürücünü saxlamağa cəhd etməlidir. Amma adi qayda pozuntuları zamanı sürətlə avtomobilin ardınca düşməyə zərurət yoxdur. Yolların çox hissəsində müşahidə kameraları var və qayda pozuntuları qeydə alınır, buna əsasən də sürücülərə cərimə tətdiq edilir. Yolda sıxlıq varsa, tıxacdırsa, sürücünün ardınca düşməyə ehtiyac qalmır.

Məlahət