Rusiya hökumətinin konkret niyyəti ölkə ərazisindəki qeyri-qanuni miqrantların sayını azaltmaqdır
İlin əvvəlindən Başqırdıstan Respublikasında qanunsuz olaraq yaşayan 236 miqrant məcburi qaydada Rusiya ərazisindən xaric edilib. Onların arasında 17 Azərbaycan vətəndaşı da var. Rusiya mətbuatının yaydığı məlumata görə, daha 3 nəfər azərbaycanlı Rusiyadan deportasiya edilib. Buna səbəb kimi onların miqrasiya qanunlarını pozduqları göstərilib.
Həmyerlilərimizin Başqırdıstandan deportasiyasının arxasında heç bir siyasi məqsəd dayanmadığını vurğulayan ekspert Azər Allahverənovun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidməti vaxtaşırı olaraq, müxtəlif ərazilərdə qanunsuz miqrantlarla bağlı reydlər keçirir: "Bu zaman da bu və ya digər ölkədən olan qanunsuz miqrantlar aşkarlanaraq öz ölkələrinə göndərilir. Bu mənada Rusiya FMX-nin fəaliyyətində hər hansı bir siyasi çalar olduğunu düşünmürəm. Çünki Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəni hər zaman prioritet vəzifələrdən biri hesab edib. Demək olar ki, bu sahədə həyata keçirilən dövlət siyasəti daha intensiv və daha məqsədyönlü olur. Qeyri-qanuni miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirmə elementlərinin artırılması da deməyə əsas verir ki, Rusiya hökumətinin konkret niyyəti ölkə ərazisindəki qeyri-qanuni miqrantların sayını azaltmaqdır”.
Aşkarlanan qanunsuz miqrantlar arasında azərbaycanlıların bir o qədər də çoxluq təşkil etmədiyini vurğulayan ekspert deyib ki, statistikada həmyerlilərimiz ikinci onluğa da daxil olmurlar. Ümumiyyətlə, Başqırdıstanda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantların sayının elə də çox olmadığını vurğulayan A.Allahverənov deyib ki, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlara Rusiyanın istənilən vilayətində, istənilən Federasiya subyektində rast gəlmək olar: "Amma həmyerlilərimiz daha çox Rusiyanın iri şəhərlərində kompakt yaşayırlar. Qeyri-qanuni əsaslarla yaşayan azərbaycanlı miqrantlar digər millətlərdən və dövlətlərdən olan miqrantlardan xeyli dərəcədə azdılar. Elə dövlətlər var ki, onların adı Rusiyanın miqrasiya hesabatlarında qırmızı xətlə keçir”.
Şəymən