"Belə POLİSLƏRİMİZ yalnız sevilməyə layiqdirlər" - XEYİRXAHLIQ

Tahir Kərimli: "İstənilən dövlətin polisi onun bir növ simvoludur. Onlar Azərbaycan dövlətinə şərəf gətirirlər”
"Polis sistemi də cəmiyyətin inikasıdır”.
Bunu Sherg.az-a Azərbaycan polisinin xeyirxahlığı ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib. 
O bildirib ki, cəmiyyətdə qanunlara münasibət necədirsə, onun polisi də elə olur:
"Sovet dövründə müəyyən məsələlər baş versə də, hər halda Sovet İttifaqı ümumi vətən idi. Amma insanlar indi dərk etməyə başlayıb ki, Azərbaycan bizim vətənimiz, dövlətimizdir. Bu, Allahın bizə verdiyi şansdır. Polisin içərisində də yaxşı və ya pis insanlar olur, cəmiyyətdəki kimi. Pis adamlar öz subyektiv, neqativ hərəkətləri ilə polisə ləkə gətirirlər. Yaxşı adamlar isə böyük şərəf bəxş edir, tək polisin adını ucaltmaqla kifayətlənmir, hətta cəmiyyətdə əhval ruhiyyəni müsbətə dəyişirlər.
2015-ci ildə Binəqədi şosesində bina yanan zaman polisin xilaskarlığının şahidi olduq. Hər kəs fərəh hissi keçirdi. Polisi özünün qardaşı hesab etdi. Polisin qəhrəmanlığı, zərərçəkənlərin köməyinə gəlməsi nəinki polisin şərəfini artırır, həm də onun xalq tərəfindən sevilməsinə şərait yaradır”.
Əvvəllər polisə cəmiyyətdə o qədər də rəğbət olmadığını diqqətə çatdıran deputat son vaxtlar onların müsbət addımlarının və humanist yanaşmalarının bu münasibəti dəyişdiyini söyləyib:
"Getdikcə Azərbaycan cəmiyyətində başqa orqanlarda olduğu kimi polisdə də çox mərd cavanlar işləməyə başlayır. Sovet sistemi dağılanda, keçid dövründə bir qədər axsamalar oldu. Cəmiyyət özünü itirdi, ideallar yaşamadı, ideologiya aradan çıxdı. Ancaq son dövrdə bizdə milli ideologiya, milli təəssübkeşlik, humanizm, insanpərvərlik artıq xarakterə çevrilməyə başlayıb. Aprel döyüşlərində mənim məlumatlarıma görə 17 min insan orduya getmək üçün müraciət etmişdi. O zaman da biz cəmiyyətimiz üçün fəxr etdik.
Mən əvvəllər məhkəmə sistemində işləmişəm, polislə münasibətlərimiz olub. Polisin yaxşı olmasını həmişə arzulayıram. Mən mətbuata açıqlamamda da belə məsələlər ortaya qoydum ki, həm qanunvericilik yolu ilə polisin fəaliyyətini artırmalı, onların yaşayışını, əməkhaqqını, sığorta sistemini təkmilləşdirməliyik, həm də onlar özləri də mənfi neqativ halları aradan qaldırmalıdır.
Sistem dəyişdikcə müstəqilləşdikcə fəaliyyət daha rahat olacaq. Ölkə başçısının təşəbbüsü ilə biz çoxlu sayda qanunlara nağdsız ödəmələr haqqında müddəalar saldıq. Bu şəffaflığı daha çox artıracaq, neqativ halların aradan qaldırılmasına kömək edəcək. O zaman daha az polis və digər işçilər mənfi əməllər sərgiləyəcək, cəmiyyət də onlardan daha az inciyəcək. Ancaq belə qəhrəmanlar, polisin adını yüksəldən, cəmiyyətə dayaq, insan həyatını xilas edən polislərimiz ancaq rəğbətə, sevilməyə layiqdir. İstənilən dövlətin polisi onun bir növ simvoludur. Onlar Azərbaycan dövlətinə şərəf gətirirlər”.
Qeyd edək ki, ötən günlərdə Dövlət Yol Polisi (DYP) əməkdaşının Xırdalan dairəsində nasazlıq üzündən avtomobilini magistral yolun ortasında saxlayan sürücüyə yardımının canlı şahidi olduq. Adının çəkilməsini istəməyən DYP əməkdaşları hətta avtomaşındakı nasazlığın qısa zamanda aradan qalxması üçün avtomobilin sahibindən də çox səy göstərirdi. Əlləri dirsəklərinə qədər maşın yağına batan DYP əməkdaşları müəyyən cəhddən sonra avtomobili işə salıb, "Yaxşı yol" deyib, uğurladılar. 
Ayyət əhməd