Belə qadınları necə qoruyaq?

Ərinin onu döyməsindən fəxr edən qadınlar var
Natiq Cəfərli: “Xanımların özləri haqqında belə düşünməsi dəhşətdir”



Lalə Mehralı: "Ona görə cəmiyyətin zorakılıq statistikasının şkalası böyüyür”




Qadınlara qarşı şiddətə və onların döyülməsinə kişilərin münasibəti bəllidir.
Düzdür, "qadına qalxan əllər qırılsın” deyən kişilərimiz də az deyil, amma təəssüflər olsun ki, qadının döyüldükcə tərbiyə olunduğunu düşünənlərin sayı çoxluq təşkil edir. Amma ən acınacaqlısı ərinin döyməsinə haqq qazandıran qadınların olmasıdır. Təəssüf ki, Azərbaycanda "qadın yeməyi yandırıbsa, əri onu döyməlidir” düşüncəsi ilə yaşayan qadınlar var.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu aparılıb. Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub.

Qadınların 24.3 faizi ərindən icazəsiz harasa getdikdə, 18.9 faizi uşaqlarına nəzarət etmədikdə, 13.6 faizi əri ilə mübahisə etdikdə, 8 faizi cinsi əlaqədən imtina etdikdə, 5 faizi isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayıb. Ümumilikdə rəyi soruşulanların təxminən 28 faizi qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün hesab edib.
Sözügedən sorğunun nəticəsi ilə bağlı özünün "feysbuk” səhifəsində status yazan iqtisadçı-ekspert Natiq Cəfərli sual edib: "Dəyərli xanımlar, bu sorğuya münasibətiniz necədir? Doğrudanmı vəziyyət belə bərbaddır? Xanımların özləri haqqında belə düşünməsi dəhşətdir, ölkənin gələcəyini tərbiyə edən analardır, bu gün özünün əri tərəfindən döyülməsini düzgün sayan xanım necə normal vətəndaş yetişdirə bilər ki?!”

Sosioloq-jurnalist Lalə Mehralı isə "Şərq”ə açıqlamasında deyib ki, qadınların əksəriyyəti döyülməni, təzyiqə və zorakılığa məruz qalmanı normal qəbul etdiyi üçün cəmiyyətin zorakılıq statistikasının şkalası hər gün yüksəlir. Sanki qadın döyülməyi sevir, zorakılıqdan həzz alır. Polisə müraciət edənin azlığı da bunu sübut edir.

Sosioloqun sözlərinə görə, əri tərəfindən döyülüb, gözləri şişən, burnu sınan, üzü göyərən qadın bunu tamamilə normal hesab edir: "Mən qadın görmüşəm ki, ərinin onu döyməsi ilə fəxr edir və bunu tamamilə normal qəbul edir. Polisə müraciət barədə düşünmür, çünki ərini tuta, həbs edə, cərimələyə bilərlər.
İnsanın özü-özünə etdiyini heç bir düşmən edə bilməz. İnsan əvvəlcə mənliyini, şəxsiyyətini hər şeydən uca tutmağı öyrənməli, hüquqlarını bilməlidir. Əri tərəfindən zorakılığa məruz qalan qadınlar müdafiə olunmağı da bacarmır. Əgər bacarsaydı, döyülmə bir də təkrarlanmazdı. Elə sorğunun nəticələri də göstərir ki, ən adi şeylərdən təzyiqə məruz qalan qadınlar bunun elə belə olmasını qəbul ediblər. Yeməyin yanması, cinsi əlaqədən imtina kimi adi səbəblər zorakılığa səbəb olmamalıdır, amma olur. Həyat yoldaşından icazəsiz harasa getmək məsələsi kişilərə görə bir qədər ciddi səbəb sayıla bilər, çünki ölkəmizdə kişilər xanımın hər addımından xəbərdar olmağa çalışırlar və bunu ən təbii haqları hesab edirlər. Ərindən icazəsiz evdən çörək almağa çıxa bilməyən qadınlar da buna görə ərinə haqq verirsə, onda onların hüququnu necə qoruyaq? O özü hüququnu, ixtiyarını könüllü şəkildə ərinə veribsə, bizim əlimizdən bir şey gəlməz”.

Qadınların qorxduğunu bəyan edən Lalə xanım hesab edir ki, onlar ərsiz qalmaqdan, boşanmaqdan, dul qalmaqdan və buna görə cəmiyyətin hədəfinə tuş gəlməkdən çəkinirlər: "Qorxmalarının səbəbi də iqtisadi cəhətdən ərdən asılı olmaqlarıdır. Qadın sərbəst pul qazana, ehtiyaclarını ödəyə, övladlarına baxa bilsə, bu qədər qorxmaz, özünü əzdirməz. İqtisadi asılılıq onların haqlı olduqları halda özünü haqsız bilməsi deməkdir, döyülməsi, söyülməsi, bəzən it kimi bağlanması, cinsi zorakılığa məruz qalması, ac saxlanması, təcrid edilməsi deməkdir”.

Şəymən