"...Bələdiyyələrə konkret səlahiyyətlər verilməlidir" - İcralar imkan vermir





"İnkişaf etmiş dünya ölkələrində bələdiyyələr ən çevik idarə üsuludur”.

Bunu "Sherg.az”a Azərbaycanda 23 bələdiyyədə cinayət aşkarlanmasının səbəblərini izah edərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 

O xatırladıb ki, Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürdüyünə görə, şuraya daxil olmazdan əvvəl bələdiyyə seçkiləri keçirilib:

"Amma təəssüf ki, Azərbaycanda bələdiyyələrə ayrıca səlahiyyətlər verilsə də, İcra Hakimiyyətinə verilən səlahiyyətlərlə üst-üstə düşür. Məsələn, yerli səlahiyyətlər var, icra hakimiyyətlərinə aiddir, paralel olaraq bu səlahiyyətlər bələdiyyələrə də verilib. Ona görə, icra hakimiyyəti qurumları bələdiyyələrin bu səlahiyyətlərini həyata keçirməsinə imkan vermir.

Cinayət əməllərinin qarşısını almaq üçün bələdiyyələrə konkret səlahiyyətlər verilməlidir. Yerlərdə icra hakimiyyətləri və bələdiyyələr ayrı-ayrı fəaliyyət göstərməlidir. Bu qurumlar bir-birlərinin səlahiyyətlərinə qarışmamalıdır”.

Qeyd edək ki, bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarif¬lən¬dirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib. Bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlı olub. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub.

Aysel Aslan