Bələdiyyələrin torpaq satışı xeyli şəffaflaşıb
“Bələdiyyənin əsas vəzifəsi sənədləşmə işini həyata keçirməkdir”
Abşeron rayonu, Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətli üzrə məhkəmə istintaqı davam edir. Ötən gün keçirilən növbəti məhkəmə prosesində ailənin 10 yaşlı övladı Fidan Əbilhəsənova ifadə verib və deyib ki, həmin gün anası ağlayırmış, telefonuna zəng gəlib, o, telefona nəsə yazıb söndürüb. Sonra qətldə şübhəli bilinən Fədail Hüseynov otağa daxil olub.
Bu zaman anası Fədailə "uşağın yanında olmaz” deyib və qızına otaqdan çıxmasını söyləyib”. Uşaq otaqdan çıxanda əvvəlcə nənəsinin yerə yıxıldığını görüb, sonra atası vurulub, ardınca məlum olub ki, anası da öldürülüb. 10 yaşlı uşaq üçün gözünün önündə baş verənlər əsl dəhşətdir və heç şübhəsiz, bu faciə qızcığazın bütün gələcək həyatını təsir altında saxlayacaq.
Saray bələdiyyəsinin qətlə yetirilməsinə gəlincə, təbii ki, istintaq cinayətin hansı zəmində baş verdiyini aşkara çıxaracaq. Hadisə ötən ilin iyun ayında baş vermişdi və hələ o zaman şübhəli şəxs qismində saxlanılan F.Hüseynov qətli törətdiyini etiraf etmişdi və "Vəsilə ölməliydi, öldü də” kəlməsini işlətmişdi. Sözsüz, bu, bir nəfərin şəxsi mülahizəsinə dayanan qənaətdir. Və kimsə qarşısındakı şəxsi qətlə yetirib "o ölməliydi” deyə bilməz.
Bu qətl hadisəsində diqqət çəkən məqam isə Saray bələdiyyəsinin mərhum xanım sədri ilə bağlı xəbər saytlarında biri-birini əvəz edən ziddiyyətli məlumatlardır. Saray bələdiyyəsi sədrindən bir neçə şikayət məktubu var. Hətta narazı sakinlər ölkə başçısına da müraciət edərək bələdiyyə sədrinin qanunsuz əməllərindən gileyləniblər. Həmin şikayət məktublarında bildirilir ki, bələdiyyə sədri qoçu dəstələri yaradıb, torpaq alqı-satqısı ilə məşğuldur, gözlərinə xoş görünən torpaqları özünküləşdirirlər. Ev tikib satışa çıxarırlar. "Qoçu”lar onlara etiraz edənlərə fiziki zort tətbiq edir və s. Və bələdiyyə sədrini qətlə yetirən F.Hüseynovun adı da həmin dəstənin üzvü kimi hallanır. F.Hüseynovun torpaq, ev dəllalı olması bildirilir. Belə təsəvvür yaranır ki,
V.Əbilhəsənova bir neçə adamla əlbir olub, alqı-satqı ilə məşğul imiş. Bəlkə də qətlə gətirib çıxaran səbəb də pulla bağlıdır. Məhkəmə prosesində ifadə verənlər F.Hüseynovun ailəyə yaxın, evə gəlib-gedən adam olduğunu, mərhumla F.Hüseynov arasında gərginliyin torpaq mübahisəsi üstündə yarandığını bildirirlər. Belə çıxır ki, zərb-məsəldə olduğu kimi, "su sənəyi suda sınıb”?!
Bu amansız qətl hadisəsi bələdiyyələrin fəaliyyətinin nədən ibarət olması sualını yaradır. Yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin hansı funksiya daşıması aktual problem kimi özünü göstərir.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Bələdiyyələrə Yardım” İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, bələdiyyələr bir neçə il əvvəl torpaq satışı ilə məşğul idilərsə də, hazırda bu proses xeyli şəffaflaşıb:
- Bələdiyyələr artıq təkbaşına qərar vermək, torpaq satmaq səlahiyyətinə malik deyillər. Torpaqların alqı-satqısı Əmlak Komitəsinin regional idarələri yanında fəaliyyət göstərən Hərrac Komissiyaları vasitəsilə həyata keçirilir. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr bu komissiyada təmsil olunurlar. Komissiya torpaq hərracları təşkil edir, torpaq sahələrinin qiymətləri bəllidir, qiymət cədvəli var, vətəndaş rahat bir şəkildə komissiyaya müraciət edib torpaq sahəsi əldə edə bilər. Alqı-satqıda son söz Komissiyanındır. Bələdiyyənin əsas vəzifəsi sənədləşmə işini həyata keçirməkdir.
Vətəndaş torpaq sahəsi almaq istəyirsə, ərazidə 5 il müddətində qeydiyyatdadırsa, ona torpaq sahəsi sözsüz, avtomatik verilməlidir. Amma kənar bir şəxs gəlib harada torpaq sahəsi əldə etmək istəyirsə, bələdiyyəyə müraciət edir, bələdiyyə vətəndaşın müraciətini komissiyaya təqdim edir, komissiya da hərrac təşkil edir. Bir torpaq sahəsinə bir deyil, bir neçə iddiaçı olursa, onların arasında seçim aparılır. Komissiya üzvləri müəyyən edir ki, torpaq sahəsi kimə satılsın.
Əgər satılan torpaq bələdiyyə Fondunundursa, o zaman ödənilən məbləğ bələdiyyənin hesabına köçürülür. Bələdiyyənin deyilsə, dövlətə ödənir. Burada əsas problem sənədləşmənin aparılmasında ləngimələrdir. Yəni, bəzən bürokratik əngəllərin qaldığı görünür. Deyək ki, bir həftəyə başa çatdırılması mümkün olan sənədləşmə prosesi bir də görürsən, 6 ayadək, 1 ilədək uzandı. Kimsə torpaq sahəsi almaq üçün müraciət edir, övladına toy edəcək, istəyir fərdi ev tiksin, toy da olur, uşaq da dünyaya gəlir, amma sənədləşmə bitmir. Buna səbəb kimi çox zaman torpaqların tanıdılmasının başa çatmamasını göstərirlər. Yəni, bələdiyyələrə aid inzibati ərazi məlumdur, amma dəqiqləşmə aparılmayıb, torpaq sahələrinin bələdiyyələrə məxsusluğunu təsdiq edən sənəd yoxdur. Torpaq sahələri alınarkən vətəndaşlar da bundan əziyyət çəkir. Torpağı alır, ev tikir, torpağın bələdiyyəyə, yaxud dövlətə aid olduğu sənədlərlə təsdiqlənmədiyindən evin sənədləşməsi də aparıla bilmir. Digər problem alqı-satqı məsələlərində yerli icra hakimiyyətlərinin təsirinin hələ də qalmasıdır. Hesab edirəm ki, icra hakimiyyətlərinin təsiri aradan qaldırılsa, proses daha da şəffaflaşar.
Məlahət Rzayeva