Bəlkə günahınızı bağışladılar...

Bu millətdən üzr istəmək üçün yetərincə zamanınız var


Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı söz-söhbətlər səngimək bilmir. Xərçəngdən əziyyət çəkən aktrisanın "Bizimləsən" verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu, aktrisa ictimai qınağa tuş gəldi.

Sonralar isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən "Toppuş bacı" bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub.

T.Əliyeva bu iddialara qarğışla cavab verib. Onun "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib.

Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını «İnstaqram» səhifəsində yayımlayaraq bunları yazıb:

"Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın (Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin anası - red.) balalarının boğazından kəsilib sizə göndərilən 13 min manat pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə "dvijeni" fikirləşən yoldaşın mütləq bu yazımı oxusun. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulunu rahat xərcləyə bilərəm".

Söz-söhbətlərə aydınlıq gətirmək üçün Tünzalə Əliyeva ilə əlaqə yaratmağa çalışdıq. Telefon zəngimizi açan aktrisa kobud və sərt şəkildə bu barədə danışmaq istəmədiyini dilə gətirdi. 

Yeri gəlmişkən, aktrisa xəstəliyi ilə bağlı bir vaxtlar mətbuatın fədakarlığını yüksək qiymətləndirsə də, barəsində olan həqiqətlər üzə çıxdıqdan, yalanlarının qarşısında çıxılmaz durumda qaldıqda mətbuata açıqlama verməyə ehtiyac hiss etmədi. Tünzalə Əliyeva, xəstəxanada olarkən jurnalistlərin suallarını cavablandıranda bu mövzunu piar etmək sizin maraqlarınıza xidmət edirdi, efirdə xəstəlik adı ilə evinizin ipoteka pulu üçün kömək istəyəndə mətbuat sizə lazım idi, yalanlarınızın içində boğulmağa başlayanda niyə mətbuata müharibə açdınız? Açıqlama verməyə niyə lüzum görmürsüz? Əgər deyilənlər yalandısa, çıxıb əlinizi vicdanınıza qoyaraq rahatlıqla açıqlama verə, qaranlıq məqamlara aydınlıq gətirə bilərsiniz. 

Susmaq çıxış yolu deyildi. Əgər sizə qarşı haqsızlıq olmuşdusa, bunu sübut etmək istəyiniz ola bilərdi. Ailənizlə bağlı yalan məlumatlar yazılırsa, bu barədə rəsmi açıqlama vermək mümkün idi. Ən azı ictimaiyyətin qınağına tuş gələn bir tanınmışın açıqlama vermək mənəvi borcu idi. Madam ki, efirdə göz yaşı töküb bu millətin köməyinə sığınmaq yolunu seçmişdizsə, efirdə sizin xəstəliyiniz üçün pul-para toplanırdısa, xəstəlik adından yalandan istifadə etməklə ipoteka borcunuzu ödəmək üçün pul yığılmasına razı olmusunuzsa, indi niyə əl açıb kömək istədiyiniz bu millətə açıqlama verməyə ehtiyac hiss etmirsiz, çətinlik çəkirsiz? İpoteka ilə mənzilinizin ödənişi üçün xəstəliyinizdən istifadə edib milləti aldadanda xəcalət çəkmirdiz, yalançı göz yaşlarından çəkinmirdiz, bunu şəninizə yaraşdırırdız, bu gün isə barənizdə olanlara aydınlıq gətirmək niyə sizi qıcıqlandırmış oldu? Axı sizin yalanlarınza inanan insanların da sizə qarşı qıcığı var. Onlar da sizin bu yalanlardan özlərini təhqir olunmuş hiss edirlər. 

Xəstəliyinizi bəhanə edib pul yığılanda sizə yardım edən insanlara, sənətçi dostlarınıza bir üzr borcunuzun olduğunu niyə nəzərə almırsız? Sizə görə müğənnilərdən bir-bir pul toplayıb sizə 16 min manat təqdim edən Xatirə İslama, sizcə, bir açıqlama borcunuz yoxdumu? Bəlkə də sizin də özünüzə aid həqiqətləriniz ola bilər. Əgər bu həqiqətlər varsa, onlara aydınlıq gətirmək daha doğru olmazdımı? Bəlkə bu gün sizi qınayan milyonlar arasında sizə haqq verib, hərəkətlərinizə, yalanlarınıza haqq qazandıranlar da ola bilərdi. 

Sizcə, bu millətə bir açıqlama verməyə borclu deyilsizmi? Ya düşünürsüz ki, əsas evinizin ipoteka borcunu ödəmək idi, bitdi, kim necə istəyir, elə də düşünsün. Yox əgər belə düşüncə ilə yola çıxmısızsa, səhv, yanlış düşüncədir. Bu millət sadəcə saflığını, mərhəmətini göstərib sizə dəstək olub. Yalanlarınıza aldanıblar çünki. Efirdə mələk donu geyinib xəstəliyi ilə mübarizə aparan çarəsiz anaya dəstək olmaq istəyirdi sizə pul göndərənlər. 

Ev üçün pul yığmaq yolunu hamı seçə bilər. İllərlə 3-5 uşağı ilə kirayələrdə yaşayan yüzlərlə ailələr var ki, onlar sizin kimi əl açıb yardım istəməyi şəxsiyyətlərinə sığışdırmırlar. Hər halda yenə də düşünmək, doğru yol seçib bu millətdən üzr istəmək üçün yetərincə zamanınız var. Üzr istəmək böyük mədəniyyətdir. Bəlkə günahınızı bağışlayanlar olar, sizə yardım edənlərdən halallıq ala bilərsiz. Dünya fani dünyadı, halal olmağı, halallıq qazanmağı bacaraq!

Tahirə