Bərdəlilər yox, Zahid Oruc özü spikeri məhkəməyə verə bilər

“Məhkəmə qarşısında iddia qaldırmaq hüququ yalnız deputatın özünə məxsusdur”


Milli Məclisin İntizam komissiyasının iclasında millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov arasında yaranmış mübahisəyə baxılıb. Komissiya üzvlərinin qərarına əsasən Zahid Oruca şifahi töhmət elan olunub. Məsələyə münasibət bildirən deputat siyasi fəaliyyətinin ən böyük "mükafatını” aldığını deyib:

"Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir ki, parlament üzvləri cəmiyyət qarşısında hesabatlıdır. Millət vəkilləri mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim odur. Siyasi fəaliyyətimin ən böyük mükafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə on illərlə davam edən şərəfli xidmətimizin üstünə tikmək və siyasi tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil”. Z.Oruc xatırladıb ki, ümummilli lider Heydər Əliyev parlament sədri olarkən bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək üçün geniş meydan verib: "O, heç kəsə Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə daxili məhkəmə qurmayıb. Deputatların danışmaq hüququnu müəllimin təhsil vermək, həkimin müalicə etmək haqqı kimi fundamental hesab edirəm”. Məlumat üçün bildirək ki, deputatın təmsil etdiyi Bərdə rayonunun sakinləri spikerə sərt etiraz ediblər. Deputat səs verənlər hesab edirlər ki, Oqtay Əsədovun "səviyyəsiz” sözü 200 min əhalisi olan Bərdə üçün təhqirdir. Ona görə də spikeri məhkəməyə verəcəklərini, Prezidentə müraciət edəcəklərini bildiriblər. Proseslə bağlı "Şərq”ə danışan hüquqşünas, tanınmış vəkil Elçin Sadıqov da məsələdə Zahid Orucu təhqir olunan tərəf kimi dəyərləndirib: "Mən deputatla spikerin videosunu izləmişəm və orada intizam pozuntusu müşahidə etməmişəm”. Hüquqşünas bəyan edib ki, Zahid Oruc adından spikeri məhkəməyə vermək istəyən sakinlərin subyektiv hüquqları yoxdur: "Məhkəmə qarşısında iddia qaldırmaq hüququ yalnız deputatın özünə məxsusdur. Ona görə ki, konstitusiyanın 46-cı, həmçinin, mülki məcəllənin 22-ci maddəsinə əsasən hər kəs sadəcə özünün şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər”.