Bəşər Əsəd müstəqil oyunçu deyil

Hətta o özü hakimiyyətdən getmək istəsə belə, buna imkan verməyəcəklər



Suriya prezidenti Bəşər Əsəd həm Suriya xalqını, həm də dünyanı ələ salıb. O, Almaniyanın ARD televiziyasına müsahibəsində Suriya xalqı istəyəcəyi halda vəzifəsindən getməyə hazır olduğunu bildirib.

Prezident söyləyib ki, Suriya rəhbərliyində kimlərin olacağı ilə bağlı söz haqqı xarici dövlətlərə ya da rəsmilərə deyil, xalqa aiddir. Suriya ordusunun qarşısında 100-dən çox silahlı qrupun olduğunu vurğulayan

Əsəd, bu qrupları dəstəkləyən bir çox dövlətin də olduğunu deyib. Əsədin açıqlamasını şərh edən tanınmış politoloq Azər Rəşidoğlu "Şərq”ə bildirib ki, Suriya rəhbərinin hakimiyyətdən gedib-getməməsini nə onun özü, nə də xalq müəyyən edir: "Bu gün Rusiya və İran Əsədi dəstəkləyir, Qərbin himayə etdiyi müəyyən qüvvələr isə Prezidentə qarşı savaşırlar. Ancaq məsələ ondadır ki, Rusiya ilə yanaşı, Qərb dövlətləri də hələlik Əsədin hakimiyyətdə qalmasında maraqlıdır. Sadəcə olaraq burada əsas məsələ Suriya və İraqın federasiyalara bölünməsidir. Əsədin hakimiyyətdə qalması Suriyada vətəndaş müharibəsinin gərginləşməsi, bu da bir növ federasiya uğrunda aparılan mübarizənin intensivləşməsidir. Yəni bu prosesdə Bəşər Əsəd müstəqil oyunçu deyil. Hətta o özü hakimiyyətdən getmək istəsə belə, buna imkan verməyəcəklər. Əsədin taleyini Suriya xalqı həll etmir. Onun getməsi ABŞ, Rusiya və İran arasında əldə ediləcək razılaşmadan asılı olacaq. Bu baxımdan, Prezidentin özbaşına hansısa bir bəyanat verməsinin əhəmiyyəti yoxdur. Əgər Suriyada vətəndaş müharibəsi daha da dərinləşərsə və ölkə federasiyalara bölünərsə, o zaman Əsədi yola salacaqlar”.

İsmayıl