Bəşər Əsəd xilas oldu

ABŞ Suriya kampaniyasını Rusiyaya uduzub




"Artıq Suriya tamaşası bitir, amma rejissorlar bölgədən getmək istəmirlər”. 

Bunu Yaxın Şərqdə İŞİD-in sıradan çıxarılması məsələsi ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, araşdırmaçı-kriminalist İlqar Altay deyib. Tədqiqatçı bildirib ki, vaxt var idi, Suriya və İraqda terror tüğyan edirdi. İŞİD də daxil olmaqla müxtəlif terror təşkilatları nizami ordu şəklində güclü dövlətlərlə mübarizə aparırdılar:

"Suriya dövlətçiliyi xaosdan, terrordan, müxalif qruplaşmaların hücum və təhdidlərindən tamamilə dağılmaq üzrə idi. Məhz bunu əsas gətirən ABŞ və çoxsaylı dövlətlərin koalisiyası Suriyaya daxil oldu. Ardınca Rusiya və Türkiyə də regiona hərbi müdaxilə etdi. Son dövrlərdə həyata keçirilən qətiyyətli əməliyyatlar nəticəsində bölgədəki terror qruplaşmaları çökdürüldü. Ona görə də bölgədə hansısa xarici qüvvələrin qalması üçün bəhanələr yoxdur. Artıq Suriyada hakimiyyətlə müxalifət də barışıq ərəfəsindədir. Lakin əsas məsələ Suriyadan kimin birinci çıxmasıdır. Rusiya ABŞ-a mesaj verir ki, "sən birinci çıx, sonra mən çıxacam”. 

Amerika isə eyni şeyi Rusiyaya təklif edir. Əslində Moskva hökuməti Suriyada İŞİD təhlükəsinin qalmadığını çoxdan bəyan edib. Ancaq Vaşinqtonun səssizliyini görən Kreml rəhbərliyi Suriyadan çıxacağı ilə bağlı növbəti açıqlama verdi. Amerika bunun əksini söylədi və bəyan etdi ki, Suriyada təhlükə hələ tam başa çatmayıb. Reallıq odur ki, hər iki tərəf Suriyada uzun müddət qalsa, yaxud tezliklə çıxsa belə Yaxın Şərqdə söz sahibi Rusiya olacaq. Çünki Suriya və İraq hökumətləri hər zaman Moskvaya meyl ediblər”.

Ekspert vurğulayıb ki, hazırda hakimiyyətdə olan Bəşər Əsəd konkret Rusiyanın adamıdır: "Rusiya Əsədin öz postunu saxlamasında, hətta ölümdən xilas olmasında əsas rol oynayıb. Əsədin kresloda qalması ölkənin Rusiyanın nəzarətində qalması deməkdir. 

Onu da nəzərə alaq ki, Rusiyanın Suriyada qanuni 2 hərbi bazası qalmaqdadır. Həmin bazalar heyət və texniki təchizat baxımından gücləndirilib”.


 İ.Altay bildirib ki, Suriyada güclü təsir imkanlarına malik olan Türkiyə son dövrlər Rusiyanın ən yaxın strateji müttəfiqinə çevrilib: "Ümumən demək olar ki, ABŞ Suriya kampaniyasını Rusiyaya uduzub. Halbuki ilk dövrlərdə bölgədə hegemon ABŞ sayılırdı. Vəziyyətin Rusiyanın xeyrinə dəyişməsində Türkiyənin rolu böyükdür. Amerika anlayır ki, əgər Fərat çayının şərq hissəsindən öz qoşunlarını çəkərsə, Suriya və bütün region əlindən çıxacaq. Ona görə də son fürsəti əldən vermək istəmir”.

İsmayıl