“Beynəlxalq Sığorta Şirkəti” bağlansa da...

... Vətəndaşlarla müqavilələrdəki öhdəliyi yerinə yetirməlidir




"Beynəlxalq Sığorta Şirkəti” ASC-nin fəaliyyətinə xitam verilməsində əsas səbəb şirkətin yeganə səhmdarı olan "Azərbaycan Beynəlxalq Bank” ASC-də aparılan optimallaşdırma siyasətidir”. Bunu bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev deyib. Bizneslərini optimallaşdırmağa çalışdıqlarını vurğulayan sədr müavini deyib ki, "Beynəlxalq Sığorta Şirkəti”nin maliyyə göstəriciləri onları qane etmədiyi üçün bu cür qərar qəbul ediblər.

Vaxtı ilə "Beynəlxalq Sığorta Şirkəti” ASC-nin rəhbər vəzifələrində çalışan, sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, şirkətin müflisləşməsinə səbəb korporativ idarəetmənin tamamilə itirilməsi olub: "Mən o şirkəti yaradanda hamı şokda idi. 1 ilin içərisində Azərbaycan sığorta şirkətləri arasında 2- ci yerə çıxdıq. Sonradan isə çalışıb-vuruşub "Beynəlxalq Sığorta Şirkəti”nin Azərbaycanın ən böyük sığorta şirkətinə çevrilməsinə nail oldum. Sonra isə maraqlar üst-üstə düşmədiyi üçün mən getdim və mənim yerimə o şirkətə dələduzları yığdılar. Bu da SON! Əslində, şirkətin müflisləşməsi gözlənilən idi. Çünki "Beynəlxalq Sığorta Şirkəti” son zamanlarda ancaq qohumluq, tanışlıq prinsipi ilə işləyirdi. Özünün Korporativ idarəetməsini tamamilə itirmişdi. İdarəetmədə demək olar ki, peşəkar adam yox idi.

Bütün bunlar da xidmətə təsir etdiyi üçün müştərilər narazı idi.

Sədr müavinin gətirdiyi arqumentin əsassız olduğunu vurğulayan ekspert hesab edir ki, kapital, bina problemi olmayan, arxasında da o qədər böyük bank dayanan şirkət niyə müflis olsun ki? Dediyim kimi, sadəcə o şirkəti dağıtdılar.

Mənim minbir əzab-əziyyətlə qurduğum ideal şirkəti məhv etdilər.

"Beynəlxalq Sığorta Şirkəti”ndə sığortası olan vətəndaşların taleyinə gəldikdə isə

X.Məmmədxanlı deyib ki, öhdəlikləri bitənə qədər fəaliyyəti davam edir.

Yeni müqavilələr bağlamır, lakin mövcud müqavilələr üzrə öhdəlikləri davam edir. Və yaxud da bütün mövcud portfelini başqa şirkətə ötürür. Onun sözlərinə görə, şirkətin bu öhdəlikdən boyun qaçırma ehtimalı mümkünsüzdür.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov isə deyib ki, sığorta müqaviləsinin əsas öhdəliyi ondan ibarətdir ki, sığorta ödənişləri həyata keçirildikdən sonra xərclər şirkət tərəfindən ödənilir: "Şirkət müflis olan zaman isə bağlanan müddətə qədər olan bütün öhdəliklərini yerinə yetirməlidir. Əgər sığorta müqaviləsi sentyabrın sonunda bağlanıb, şirkət isə oktyabrın əvvəlində müflis olubsa, o zaman müflisləşsə belə, şirkət həmin ödənişi həyata keçirməlidir. Amma hüquqi baxımdan şirkətin statusu ləğv olunduğu üçün müqavilə fəaliyyətdə olmur. Sığortalı şəxs isə növündən asılı olmayaraq öz müqaviləsini başqa bir şirkətlə bağlamalıdır”.

V.Bayramovun sözlərinə görə, maraqlı məqam isə ondan ibarətdir ki, bəzi hallarda sığorta ödənişi aylıq yox, illik ödənilir. İl başa çatmamış da sığorta şirkəti müflis olaraq bağlanır: "Mövcud qanunvericiliyə görə, bu zaman sığorta şirkəti sığorta haqqı istifadə ödənilən və istifadə edilməyən aylar üçün sığorta haqqını geri qaytarmalıdır. Məsələn, vətəndaş və ya hansısa bir şirkət illik sığorta ödənişini edib, amma onun əmlakını və ya həyatını sığorta etməli olan şirkəti müflis olub. İlin yalnız 7 ayı ərzində sığorta xidmətini həyata keçirib, yerdə qalan 5 ay üzrə sığorta haqqının məbləği hesablanmalı və geri qaytarılmalıdır”.

Şəymən