Nizami Cəfərov: “Təfəkkür mədəniyyəti olanlar seçilib, efirə çıxarılmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov Azərbaycanda fəaliyyət göstərən televiziya və radio aparıcılarının dil problemindən danışıb. O bildirib ki, bu sahədə vəziyyət çox bərbaddır:
"Açıq şəkildə demək lazımdır ki, radiolarda məişət dilindən istifadə olunur”. Qurum təmsilçisinin sözlərinə görə, hazırda Dilçilik İnstitutunun əməkdaşları televiziya kanallarının monitorinqini aparırlar: "Monitorinqin ilkin nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə televiziyalarda dil qaydaları ilə bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır. Artıq biz üç ildir ki, telekanalların monitorinqini aparırıq. Əlbəttə, müəyyən düzəlişlər də var. Amma dil qaydalarındakı problemlər təkcə televiziyaların yox, həm də cəmiyyətin problemidir”.
Məlumat üçün bildirək ki, sentyabrın 15-dən etibarən AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə televiziyalarda ədəbi dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edəcək.
Məsələni dəyərləndirən akademik, millət vəkili Nizami Cəfərov isə "Şərq”ə söyləyib ki, məişət dilinin televiziya və radioya gəlməsi müsbət cəhətdir. Çünki bu, demokratizmdir: "Mənim yadımdadır ki, sovet dövründə radioda çıxış edəndə tələb olunurdu ki, yazılı mətnlər oxunsun. Bu bir tələb idi. Düzdü, telekanallarda yazılı mətndən oxuyanda görünür. Bununla belə mümkün qədər çalışırdılar ki, yazılı mətn olsun və o mətn əzbərlənsin. Bu da istər-istəməz televiziya və radionun dilinə yazı dili gətirirdi. Amma hazırda televiziya və radiolarda danışıq dili aparıcıdır. Söhbət ondan getmir ki, radio və televiziyada danışıq dilini məhdudlaşdırmaq istəyirik. Bu mümkün deyil və ola da bilməz. Məsələ odur ki, qüsurlar olmasın”.
Akademik hesab edir ki, aparıcıların yol verdikləri qüsurlar onların təfəkkür səviyyəsi ilə bağlıdır: "Bəzən deyirlər ki, danışan adamın nitq mədəniyyəti olmalıdır. Amma heç vaxt demirik ki, bu insana daha çox təfəkkür mədəniyyəti lazımdır. Təfəkkür mədəniyyəti nitq mədəniyyətini törədir. Təfəkkür mədəniyyəti olmasa, bəlağət öyrətməklə kiməsə nitq mədəniyyəti aşılamaq olmaz”.
N.Cəfərovun fikrincə, radio və televiziyanın dilini yüksəltmək üçün efirlər yaxşı təfəkkürü olan adamlara həvalə olunmalıdır: "Təfəkkür mədəniyyəti olanlar seçilib, efirə çıxarılmalıdır. Təfəkkür mədəniyyəti olmayan adamı ortaya çıxardıb, nitq mədəniyyəti tələb etmək absurddur. Nitq mədəniyyəti deyilən anlayış yoxdur. Təfəkkür mədəniyyəti var. O da nitq mədəniyyətini törədir. Bu baxımdan düşünürəm ki, ümumi intellektual səviyyə yüksəlməlidir”.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, aparıcı peşəkar olmalıdır: "Bəzən deyirlər ki, çoxlu kitab oxumaq lazımdır. Düzdü, bu da şərtdir. Amma təfəkkür və məntiq normaldırsa. Söhbət bundan gedir. Məntiqi yerində olan aparıcı artıq söz işlətməyəcək. Hətta normadan yayınmalar olsa belə, o da üslub faktı kimi maraqlı olacaq. Çünki onun arxasında təfəkkür dayanır”.
Ayyət Əhməd