Zeynal Məmmədli: "...Onda ilk növbədə yüksək vəzifə tutan məmurlar cərimələnməlidir"
"Efirdə ədəbi dil normalarının pozan aparıcıların cəzalandırılması gözlənilən effekti verməyəcək".
Bu barədə "Sherg.az”a televiziyalarda ədəbi dil normalarının kəskin şəkildə pozulmasından danışarkən media eksperti Zeynal Məmmədli bildirib.
O qeyd edib ki, belə cərimələnmə tətbiq etməklə problemi həll etmək mümkündürsə, onda ilk növbədə yüksək vəzifə tutan məmurlar cərimələnməlidir:
"Çünki onlar ədəbi dildə danışmaqlarına görə, örnək olmalıdırlar. Lakin bəzi məmurlar çox biabırçı şəkildə danışırlar, fikirlərini yaxşı ifadə etmirlər. Belə dəftərxana şablonları ilə Azərbaycan dilini gözdən salmış olurlar.
Bir xəstəliyi müalicə etmək üçün diaqnozu dəqiq qoymaq lazımdır. Bəs bizdə diaqnoz dəqiq qoyulub, problem araşdırılıbmı? Əgər söhbət televiziyada dildən gedirsə, bu, tək səslənən dil deyil. Burada həm hər hansı təbii və süni səslər, həm nitq, həm də bədən dili kompleks halda təsir bağışlayır. Yalnız nitqə görə, qiymət vermək düzgün deyil.
Nitqini düzəltmək üçün aparıcılar haradan, kimdən örnək götürməlidirlər? Dilçilərimizdən? Düzdür, dilçilərimiz arasında çox savadlı, hörmət etdiyim şəxslər var. Lakin orta statistik dilçi necə danışır? Televiziyaların dili necədir? Məmurların tədbirlərdə aşıladığı dil necədir? Bütün bunlar kompleks araşdırılmadan diaqnoz vermək, təkliflər irəli sürmək çətindir”.
Ümumişlək dil anlayışını xatırladan Z.Məmmədli vurğulayıb ki, bu dil xarici dil, ləhcə və köhnəlmiş sözlərdən qidalanır:
"Bütün bu problemləri kompleks həll etmək əvəzinə ləhcə ilə danışan və s. aparıcıları cəzalandırmaq olmaz. Onlar canlı dildə danışırsa, reytinqləri varsa, deməli problem başqadır”.
Televiziyaların tərkibində dil normalarına nəzarət edən qurumların yaradılmasına gəlincə, ekspert əlavə edib ki, bu şuraların yaradılmasının heç bir əhəmiyyəti olmayacaq:
"Məsələnin kökünə baxmadan, ucuz fikirlər bildirməməliyik. Tutaq ki, aparıcıları cəzalandırdıq. Hansı cəzanı verəcəyik? Həmin insanlar nə pul alır ki, ona görə də pul ödəsin. Ümumən, məsələni bu şəkildə ortaya qoymaq gülüncdür. Biz də media olaraq məhz bu fikirlərə qarşı çıxmalıyıq.
Uşaq yaşlarından, orta məktəblərdən tutmuş müxtəlif yarışlar həyata keçirilməlidir. Bu keyfiyyətlərinə görə, fərqlənənlər mükafatlandırılmalıdır. Örnək insanlar nümunə götürülməlidir. Cəzalandırmaq əvəzinə nümunəvi, insanların nitqini eşitməyi arzuladığı şəxsləri göstərək, hər kəs də söhbətin nədən getdiyini bilsin".
Qeyd edək ki, "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfrans keçirilib. Müxtəlif media nümayəndələrinin, aparıcı KİV-lərin və əlaqədar qurum rəhbərlərinin iştirak etdiyi konfransda dil normalarını pozan televiziya işçilərinə dair təkliflər irəli sürülüb
Aysel Aslan