Ələsgər Məmmədli: “Xarici mənbələrdən məqsədli şəkildə yayılan dezinformasiyaları gerçək mənbələrdən yayılan informasiyalarla zərərsizləşdirmək mümkündür”
Bəzi xəbərlər xarici dairələr tərəfindən bilərəkdən yayılır
Hikmət Babaoğlu: “Biz bilirik ki, informasiyaya institutisional forma verməklə ondan manipulyativ vasitə kimi istifadə edirlər”
Ələsgər Məmmədli: “Xarici mənbələrdən məqsədli şəkildə yayılan dezinformasiyaları gerçək mənbələrdən yayılan informasiyalarla zərərsizləşdirmək mümkündür”
Ələsgər Məmmədli: “Xarici mənbələrdən məqsədli şəkildə yayılan dezinformasiyaları gerçək mənbələrdən yayılan informasiyalarla zərərsizləşdirmək mümkündür”
KİV-in əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir. Yaşadığımız dövr informasiya cəmiyyətinin bərqərar olduğu, xəbərlərin insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Məhz informasiyanın insan həyatındakı rolunun artması ilə əlaqədar elmi ədəbiyyata "informasiya təhlükəsizliyi”, "informasiya müharibəsi” kimi anlayışlar daxil olub. İnformasiya təhlükəsizliyi anlayışı kibertəhlükəsizlik və dövlətin informasiya resurslarının, insanların şəxsi məlumatlarının qorunmasından cəmiyyətin ideoloji, mənəvi-psixoloji baxımdan təhlükəli, təxribat xarakterli məlumatlardan müdafiəsinədək geniş mənalara malikdir. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi və gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda bu problem daha böyük aktuallıq kəsb etməkdədir.
(əvvəli ötən sayda)
Cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. İnformasiyalar çoxaldıqca, problemlər yaranır və cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir. İnsanlar hər şeylə maraqlanırlar. "Assoşieyteol Press” agentliyinin keçmiş rəhbəri Kent Kuperin dilə gətirdiyi "cəmiyyətin informasiya almaq hüququ var” ifadəsi jurnalistlərin yaddaşına möhkəm həkk olunub. Heç də təsadüfi deyil ki, mediaya dair qəbul olunmuş qərarlarda bu ifadə özünə möhkəm yer edib. Əlbəttə, jurnalistlər cəmiyyətin tamhüquqlu nümayəndəsi kimi informasiya toplayıb dərc etməyə borcludur. Lakin nəzərə almaq lazımdır ki, KİV-lərin informasiya siyasəti olduğu kimi, hər bir dövlətin də informasiya siyasəti var.
İngilis tədqiqatçısı Entoni Smitin belə bir fikrini yada salmaq yerinə düşər: "İnformasiya əsri bərqərar olduqca dövlət sərhədlərinin silinmə prosesi başlanacaq. Bir vaxtlar mətbuat ölkə hüdudlarında və hökumətlərin icazə verdiyi çərçivədə fəaliyyət göstərirdi. Bu gün isə belə demək olar: insan məkanı fəth edib, bütün dünya sanki onun ovcundadır”. İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmalıdır. Cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi mexanizmlərin ciddi araşdırılması, milli normativ-hüquqi bazanın formalaşdırılması, təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması aktuallıq kəsb edir. Beynəlxalq təcrübədə qlobal informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra proqramlar, layihələr, mexanizmlər işlənilib. Onların sırasında 2002-ci ildə BMT tərəfindən qəbul etmiş Qlobal İnformasiya Təhlükəsizliyi Mədəniyyəti haqqında Qətnaməni, 2008-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul olunmuş Qlobal İnformasiya Təhlükəsizliyi proqramını göstərmək olar. Azərbaycan Respublikasında da informasiya təhlükəsizliyi məsələləri milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir və bu sahədə normativ-hüquqi bazanın formalaşması informasiya cəmiyyəti quruculuğunda prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilib. Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nı, eləcə də, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Dövlət sirri haqqında” qanunları və s. göstərmək olar. Amma buna baxmayaraq, sözügedən sahədə problemlər qalmaqdadır. Azərbaycan çox mürəkkəb, siyasi proseslərə həssas bir regionda yerləşir. Ölkəmizi bir sıra siyasi qruplaşmalara, təxribatlara cəlb etmək üçün cəhdlər edilir. Şübhəsiz ki, müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan dövləti maksimum dərəcədə beynəlxalq intriqalardan uzaq durmağa çalışıb, özünəməxsus siyasət yürüdüb. Onsuz da Ermənistanın Azərbaycana qarşı təcavüzü bizim üçün əlavə problemə ehtiyac olmadığını aydın izah edir. Lakin Yaxın Şərqdə cərəyan edən son hadisələr, Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, qütblərarası mübarizədə bütün tərəflər Azərbaycanı yanında görmək istəyir. Bu isə bizim üçün həm siyasi dividend, həm də əlavə problem deməkdir. Ona görə də ölkə daxilində yayılan zərərli xəbərlərin, xarici dairələrdən Azərbaycanın informasiya mühitinə sızdırılan qərəzli məlumatların tirajlanmamasına xüsusi önəm vermək lazımdır. Üç-dörd gün əvvəl ölkə mediasında İŞİD-in Azərbaycana hücum edəcəyi ilə bağlı informasiyalar tirajlanmağa başladı. Əksər ekspertlər isə vurğuladılar ki, terror qruplaşmaları ilə bağlı bəzi xəbərlər xarici dairələr tərəfindən bilərəkdən yayılır. Azərbaycan mətbuatı isə fərqində olmadan və ya bilərəkdən bu cür dezinformasiyaların yayılmasına yardımçı olurlar. Məsələ ilə bağlı danışan "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq hər zaman aktual məsələdir: "Nəzərə alsaq ki, milli təhlükəsizliyin obyekti cəmiyyət və onların milli-mənəvi dəyərləridir, deməli, informasiya təhlükəsizliyi indiki mərhələdə daha önəmli məsələdir. Bu gün Azərbaycan mətbuatının üzərinə çox ciddi vəzifələr düşür. Çünki ölkəmiz hələ də müharibə şəraitində yaşayır. Azərbaycan mətbuatı yenidən öz məsuliyyətini dərk etməli və bütün məsələlərə hüquqi kontekstdən yanaşmalıdır. Bu, hazırkı mərhələdə milli maraqlarımızın qorunması üçün olduqca vacibdir”. Baş redaktor qeyd edib ki, Azərbaycanda klassik media ilə bərabər sosial media da inkişaf edir: "İnternet resursları da informasiya ötürücüsü rolunda çıxış edirlər. Belə olan halda medianın xaotik informasiya mənbəyindən məsuliyyətli informasiya yayan məkana çevrilməsi və bu məkanın əsas paradiqmalarının məhz dövlətçilik və milli maraqlara yönəldilməsi vacib idi. Media mənsubu eyni zamanda vətəndaşdır, vətəndaşlıq məsuliyyəti var. Bilirik ki, klassik mediada münasibətlər hüquqla tənzimlənir. Amma sosial mediada həm də bir hüquqsuzluğun olduğunu görürük”. Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir: "Biz bilirik ki, informasiyaya institutisional forma verməklə ondan manipulyativ vasitə kimi istifadə edirlər. Dövlətlərin daxilində gərginlik yaradırlar. Nəticə etibarı ilə Qərbdə bərqərar olunmuş və həyata keçirilən idarəolunan xaosu milli dövlətlərin daxilinə transfer etməklə onların təhlükəsizliyini ciddi təhdid altına alırlar”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə "Şərq”ə açıqlamasında deyib ki, əslində informasiya təhlükəsizliyi daha çox məlumatların yalan olması ilə deyil, konkret olaraq informasiyanın qorunması, mənbələrin başqaları tərəfindən ələ keçirilməsi məsələlərini özündə əks etdirir. Amma xarici mənbələrdən yayılan informasiyaların ölkə mediasına sirayət etməsi də mühüm faktordur: "Hesab edirəm ki, dezinformasiyalarla mübarizə aparmağın ən yaxşı yolu ölkədə informasiya yayılması prosesini düzgün təmin etmək və mənbələri daha işlək hala gətirməkdir. Əgər Azərbaycanda birinci mənbələr kifayət qədər əlçatan olsalar, onda yerli mətbuat xarici ölkələrdən yayılan informasiyalara ehtiyac duymaz və nəticədə zərərli xəbərlər yayılmaz. Yəni yalan xəbərlərin qarşısına onu təkzib edən məlumatlar qoymaq lazımdır. Təəssüf ki, bizdə bu məsələ ciddi problemdir. Hansısa mənbədən alınan informasiya qısa müddətdə ölkə mediasında geniş yayılır, amma rəsmi kanallarla həmin xəbərin alternativi ortaya qoyulmur. Təbii ki, bu da müəyyən problemlər yaradır və yayılan məlumat bir çox insanlarda real xəbər təəssüratı yaradır”. Ekspertə görə, medianın xarici mənbələrə çıxış imkanlarını məhdudlaşdırmaq mümkün deyil, heç buna ehtiyac da yoxdur: "Əksinə, elə informasiyalar var ki, onlar cəmiyyətin ayıq-sayıq olması, ehtiyatlı davranması üçün zəruri əhəmiyyət kəsb edir. Yəni xəbərdarlıq funksiyası daşıyan məlumatlar bəzi hallarda cəmiyyət üçün mühüm amil hesab olunur. Türkiyə mətbuatında Azərbaycanla bağlı hansısa məlumat yayılırsa, o xəbər şayiə olmaqla yanaşı, reallığı da əks etdirə bilər. Belə məqamlara cəmiyyət olaraq hazır olmalıyıq. Ancaq yenə deyirəm ki, xarici mənbələrdən məqsədli şəkildə yayılan dezinformasiyaları gerçək mənbələrdən yayılan informasiyalarla zərərsizləşdirmək mümkündür. Əks halda, həmin məlumatların təsiri uzun müddət zehinlərdə qalacaq”.
Problemlə bağlı danışan "Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu "Şərq”ə bildirib ki, hər bir media orqanının borcudur ki, yaydığı informasiyanın doğruluğuna əmin olsun: "Xəbər aldığımız mənbənin ciddi olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Minlərlə sayt var, reytinq xatirinə o saytların yaydığı xəbərləri ucdantutma tərcümə edib oxuculara çatdıra bilmərik. Ciddi informasiya mənbələri kimi daha çox tanınmış agentliklərin məlumatlarına istinad olunmalıdır. Bu, birinci şərtdir. Eyni zamanda, informasiyaya baxdıqda peşəkarlar onun nə dərəcədə doğru və ya yanlış olduğunu bilirlər. Ancaq əsas məsələ odur ki, hətta informasiya doğru olsa və ciddi mənbəyə əsaslansa belə, onun Azərbaycan mühitində yaratdığı ajiotajı öncədən hesablamaq lazımdır. Ola bilər ki, informasiya ciddidir. Amma həmin məlumatın yayılması cəmiyyətdə çaşqınlıq yarada bilər. Düzdür, media ictimaiyyəti məlumatsız qoymamalıdır. Yəni hadisə varsa, onu bildirməlidir. Lakin xəbərin hansı formada çatdırılması, yəni bir az yumşaq şəkildə, mərhələli olaraq verilməsi önəm kəsb edir. İndiki dövrdə, yəni terrorun artdığı, xarici kəşfiyyat orqanlarının fəallaşdığı bir zamanda media bu məsələlərə daha həssas yanaşmalıdır. Dağlıq Qarabağ və başqa daxili məsələlərdə yerli media orqanları çalışırlar ki, xəbərləri müəyyən süzgəclərdən keçirib sonra yaysınlar. Ancaq xaricdən gələn informasiyalara da diqqət yetirmək lazımdır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb