Binali Yıldırım da Azərbaycanı sevəcək

Sərdar Cəlaloğlu: “Oturuşmuş dövlətlərdə məmurların strateji siyasətdə heç bir rolu yoxdur”
Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyanın yeni sədri seçilib. Məlumata görə, səsvermə nəticəsində sədr postuna yeganə namizəd olan Binali Yıldırım AKP-nin yeni sədri seçilib.
O, Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra partiyanın üçüncü sədri olub. Namizəd partiya üzvlərini "Ərdoğan mahnısı” ilə salamlayıb. Qurultaya 6 min adam dəvət olunub. Qurultayda hazırkı Baş nazir Əhməd Davudoğlu da çıxış edib. Və B.Yıldırıma gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra səsvermə baş tutub və 1470 nəfər nümayəndə səs verib. AKP-dən olan deputatlar və nazirlərin çoxu B.Yıldırımın Baş nazir postuna namizədliyini dəstəkləyib. KP-nin sədri və Baş nazirin müavini postuna tək namizəd dənizçilik və kommunikasiya naziri B.Yıldırımdır. Şübhəsiz ki, B.Yıldırımın Baş nazir postuna gəlməsi onun Azərbaycana münasibəti məsələsini də gündəmə gətirib. Cəmiyyətdə "görəsən, B.Yıldırım Ə.Davudoğlunu təkrarlaya biləcəkmi” kimi suallar dolaşır. Məhz bu səbədən biz də həmin sualla Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluya müraciət etdik. Sualımızı cavablandıran təşkilat sədri qeyd edib ki, bütün oturuşmuş dövlətlərdə məmurların strateji siyasətdə heç bir rolu yoxdur: "Sadəcə olaraq hər bir məmur öz potensialına uyğun strateji siyasət həyata keçirə bilər. Bu baxımdan Türkiyədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkənin Azərbaycana olan münasibəti sözün yaxşı mənasında dəyişilməz qalacaq”.
Ayyət Əhməd