Binali Yıldırım Türkiyənin xarici siyasətində korrektələr edəcək

“Rusiya və İsraillə münasibətlərin nizama salınması həmin taktiki yanaşmalar içərisində xüsusi yer tuta bilər”



Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilib. AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub. Mövcud qanunvericiliyə əsasən hakim partiyanın sədri həm də Türkiyənin Baş naziri vəzifəsini icra edəcək.

Türkiyənin yeni Baş naziri Binəli Yıldırım kimdir?

Binəli Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan şəhərində anadan olub. O, İstanbul Texniki Universitetinin Gəmi inşaatı və dəniz elmləri fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Türkiyənin Gəmi Sənayesi Baş İdarəsində işə başlayıb. 1990-1991-ci illərdə İsveçdə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının Dünya Dənizçilik Universitetində ixtisas artırma kurslarında təhsilini davam etdirib. Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanla 1994-99-cu illərdə İstanbul Böyük şəhər bələdiyyəsinə rəhbərlik etdiyi vaxtdan indiyədək dostluq münasibətindədir. Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının əsas qurucularından sayılır. O, müxtəlif illərdə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb və Türkiyə tarixində nəqliyyat naziri vəzifəsini ən uzun müddət tutan siyasətçi kimi tarixə düşüb. 2014-cü ildə Baş nazir və Prezident Ərdoğanın müşaviri vəzifəsinə təyinat alıb.

Baş nazirə yeni hökuməti qurmaq tapşırığı verilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin yeni sədri Binəli Yıldırımı qəbul edib. Ərdoğan yeni, sayca 65-ci hökuməti qurmağı Binəli Yıldırıma tapşırıb. Mətbuata açıqlama verən Yıldırım yeni qurulacaq hökumət üçün seçilmiş kadrların adlarının müəyyən olunduğunu söyləyib: "Hökumət qurma prosesinin necə işlədiyi hamıya məlumdur. Hökumətin quruluşu Nazirlər Kabinetinin müəyyən olması, Məclisdə proqramın oxunması, proqramın müzakirəsi və parlamentin təsdiq etməsi ilə reallaşır. Burada qaranlıq qalan məqam yoxdur. Türkiyədə hökumət ilk dəfə qurulmur”. Nazirlər Kabinetinə daxil olacaq şəxslərin müəyyən olunduğunu söyləyən Binəli Yıldırım sözlərinə belə davam edib: "Prezidentimiz nə vaxt istəsə, o zaman siyahını ona təqdim edəcəyik. Türkiyədə hazırda çox mühüm bir tədbir keçirilir. Proqram bitdikdən sonra, işlərimizi davam etdirəcəyik. Bu məsələ çox uzanmayacaq”.

Türkiyənin yeni xarici işlər naziri qadın ola bilər

Əhməd Davudoğlunun Baş nazirliyi dövründə AKP-nin xarici əlaqələr üzrə sədr müavini olan Fatma Betül Binəli Yıldırım tərəfindən yeni formalaşdırılacaq hökumətdə nazir postu tutmağa yaxındır. Deyilənə görə, Fatma Betül xarici işlər naziri postuna təyin edilməzsə, o halda mütləq Avropa Birliyi naziri olacaq. Betül uzun illər xaricdə diplomatik təhsil alıb, alman və ingilis dilini mükəmməl bilir. Əgər o, nazir təyin edilərsə, Tansu Çillərdən sonra Türkiyə XİN-ə rəhbərlik etmiş ikinci qadın kimi tarixə düşəcək.

"Bizə yeni konstitusiya və prezident sistemi lazımdır”

Yeni Baş nazir Binəli Yıldırım dövlətin prezident idarəçilik sisteminə keçməsi mövqeyindən çıxış edib. Yıldırım deyib ki, tunellər, qatarlar, yollar və s. bütün bunlar çox yaxşıdır. Lakin bizim üçün ən vacib olan məsələ başqadır: "Bir nöqsanımız var. Hazırda bizə yeni konstitusiya və prezident üsul-idarəsi lazımdır. Bunu hüquqi müstəviyə gətirmək üçün əlimizdən gələni edəcəyik”.

AKP-çilərə Əhməd Davudoğlu qadağası...

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası üzvlərinə istefa verən Baş nazir Əhməd Davudoğlu barəsində ciddi xəbərdarlıq olunub. Onlara partiya daxilində qarşıdurma və parçalanma olduğu görüntüsü yaratmamaq üçün Davudoğlu və onun komandası haqqında açıqlama vermək, danışmaq, yazı yazmaq, sosial şəbəkələrdə nəsə paylaşmaq qadağan edilib. Amma buna baxmayaraq, ötən gün keçirilən növbədənkənar qurultayda Davudoğlu nəzakətlə qarşılanıb və yola salınıb.

Binəli Yıldırım dövrü fərqli olacaq...

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Binəli Yıldırım Türkiyənin xarici siyasətində müəyyən korrektələr edəcək: "Türkiyənin xarici siyasətinə sabiq Baş nazir Əhməd Davudoğlunun çox böyük təsiri olub. Davudoğlunun "Strateji dərinlik” əsərində Türkiyənin xarici siyasətinin bir sıra istiqamətləri ilə bağlı nəzəri mülahizələri öz əksini tapıb. Xarici işlər naziri olduqdan sonra isə nəzəri mülahizələrin praktiki tətbiqi reallaşıb. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, nəzəriyyədə bir çox məsələlər özünün dəqiq təhlilini tapsa da, bəzən praktikada uyğunsuzluq yaranır. Bu nöqteyi-nəzərdən Türkiyənin "qonşularla sıfır problem” ideyası təəssüf ki, baş tutmadı. Şübhəsiz ki, Türkiyənin xarici siyasətində müəyyən korrektələr edəcəyi istisna deyil. Türkiyə regionda ən güclü dövlətdir və formalaşmış xarici siyasət kursu, strateji hədəfləri var. Amma, yeni Baş nazirin həmin strateji xətt qorunub saxlanmaqla müəyyən taktiki gedişlər irəli sürəcəyi istisna deyil. Bu kontekstdə Rusiya və İsraillə münasibətlərin nizama salınması həmin taktiki yanaşmalar içərisində xüsusi yer tuta bilər”.

İsmayıl