Bir də müharibə başlasa, dayandırmaq çətin olacaq

Çox güman ki, döyüşlərin coğrafiyası genişlənəcək, daha güclü texnika və daha çox qan töküləcək
Müharibə başlasa, nə Türkiyə, nə də Rusiya qarışacaq



Korneqi fondunun Qafqaz üzrə aparıcı elmi işçisi və jurnalist Tomas de Val Qarabağ münaqişəsi ilə bağlı elmi məqalə yazıb. Məqalədə aprel savaşına diqqət çəkən müəllif qeyd edib ki, aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin son illərin passiv formasına qayıdacağı inandırıcı deyil. Ya sülh danışıqları nəticə verəcək, ya da yenidən hərbi toqquşmalar başlayacaq. Müharibəni çox az adam istəyir.

Lakin regionda emosiyalar gərilib və 1994-cü ilin atəşkəsi kifayət etmir. ATƏT-in münaqişəni nəzarətdə saxlamaq üçün yaratdığı konstruksiya dağılmaq ərəfəsindədir. Və əgər Azərbaycan və Ermənistan liderləri siyasi kompromisə getməsələr, ehtimal var ki, onlar öz aqressiv ritorikalarının və ictimaiyyətin gözləntilərinin tələsinə düşəcəklər. Bu yol isə yanlış hesablamalar, yaxud sırf təsadüf nəticəsində müharibəyə gətirib çıxaracaq. Bundan başqa jurnalist bəyan edib ki, konkret nəticələr əldə olunmasa, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yeni mərhələsini dayandırmaq daha çətin olacaq. Çox güman ki, döyüşlərin coğrafiyası genişlənəcək, daha güclü texnika və daha çox qan töküləcək. Həm Bakı, həm də Yerevan bu zaman Türkiyə və Rusiya ilə olan qarşılıqlı hərbi yardım müqavilələrinə müraciət edə bilər, beləliklə, Moskvanı və Ankaranı müharibəyə cəlb edə bilər. Bütün bunlar, beynəlxalq və regional oyunçuları Puşkinin məşhur poemasındakı kimi "qafqaz əsirləri”nə çevirir.

Jurnalistin iddialarını şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan tərəfi danışıqlara hazır deyil. Separatçı ölkənin sülh planına hazırlığı yoxdur. Ekspertin sözlərinə görə, Ermənistan kompromislərə tərəf addım atan kimi daxildə bir qayda olaraq ictimai-siyasi vəziyyət kəskinləşir: "Sabitlik pozulur. İndi bir neçə polis əməkdaşını girov götürüblər. Orda şantaj prosesi gedir. Faktiki olaraq Sarkisyan hakimiyyətindən tələb edirlər ki, torpaq qaytardı yoxdur. Azərbaycan isə oturub vəziyyəti gözləyə bilməz. Ona görə də, zəruri tədbirlər görmək lazımdır ki, onlar ərazilərimizi tərk etməli olsunlar. Ermənistan ərazilərimizdən öz xoşu ilə çıxmayacaq. Tomas de Val da Qarabağ problemi ilə bağlı illərdir araşdırmalar aparır. Münaqişəyə dair kitab da yazıb. Düzdü, arada "nala-mıxa vurur”. Amma indiki yazısında reallığı düzgün qiymətləndirib. Həqiqətən də belədir. Bu işdə vasitəçilərin üzərinə böyük məsuliyyət düşür. Əsasən də Rusiyanın. Niyə? Ona görə ki, Moskva Ermənistanı geri çəkilməyə vadar etməlidir. Bu olmasa, Azərbaycan məsələni öz gücü ilə həll edəcək. Azərbaycan aprel savaşında Ermənistanı qandırdı ki, vəziyyət 15 il bundan qabaqkı kimi deyil. Qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişilib. Hərbi-texniki təchizat cəhətdən Azərbaycan xeyli üstündür. Demokratik resurs böyükdür. Ermənistandakı daxili hərc-mərclik onlara uğurlu hərbi kampaniya aparmağa imkan verməyəcək. Onlarda daxildə böyük gərginlik var. Ona görə də, Tomas de Val ümumi mənzərəni belə dəyərləndirib və bu, əslində düzgün yanaşmadır”.

Tomas de Valın Azərbaycan və Ermənistan Moskva və Ankaranı müharibəyə cəlb edə bilər iddiasına diqqət çəkən ekspert söyləyib ki, müharibə başlasa, nə Türkiyə, nə də Rusiya qarışacaq: "Onlar hərbi kampaniyaya qarışmayacaqlar. Təbii ki, həmin ölkələrin də regionda maraqları var. Onların hərbi-texniki baxımdan köməklik göstərmək imkanları genişdir. Amma hərbi cəhətdən məsələyə qarışması çox az ehtimal olunan məqamdır. Düşünürəm ki, işğalçı ölkə geriləyəcək. Getdikcə, ümumi şərait düşmən ölkəni vadar edəcək ki, geri çəkilsin”.

Ayyət Əhməd