Bir əl yetər...

Qadın yalnız tükənəndə gücdən düşür
“Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları”

Dünyanın hər bir yerində qadınları narahat edən sosial problemlər Azərbaycan qadınından da yan keçməyib. Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətinlikləri özündə əks etdirir. 

Yaşayış şəraitinin ağırlığı, tərəf-müqabillərindən birinin ailəni idarə etmək istəməməsi və ya bunu bacarmaması, maddi təminatın olmaması və digər problemlər ailələrin dağılmasına səbəb olan mənfi amillərdən sayılır. Problemlərin davamlı xarakter alması maddi-mənəvi sıxıntılar doğurur. 

Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin münaqişələrin yaranmasına, ailənin ciddi böhran yaşamasına və sonda bəzən intiharların baş verməsinə gətirib çıxarıb. Bəziləri bu böhrandan çıxış yolu taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalar da, digərləri bunu bacarmır.

Son illər yaranmış stressli vəziyyətin və neqativ proseslərin təsiri altında ölkədə, xüsusilə qadınlar arasında sosial-psixoloji problemlərin artması müşahidə olunur. Məişət problemləri, işsizlik, kasıblıq da bu prosesə birbaşa təsir edir. Bu da zorakılıq və intihar hallarının artmasına səbəb olur.
Bəs nə üçün cəmiyyətimizdə bu problemlər mövcuddur? Qadınları narahat edən sosial və psixoloji məqamlar nədən qaynaqlanır? Problemin həlli üçün nə kimi tədbirlər görülməlidir?

Suallar çox olsa da, cavab tapmaq olduqca çətindir. Çünki bu gün məişətdə, ictimai nəqliyyatda, küçədə, tanıdıqlarımız insanlar arasında, bir sözlə, hər yerdə qadınların əksəriyyətinin simasında yorğunluq, çətinliklərdən keçmiş və hələ də keçməkdə davam edən, təzyiqlərə məruz qalan bir obraz görürük. Cəmiyyət olaraq mental dəyərləri nümunə gətirib "qadın eyni zamanda anadı, bütün çətinliklərdən keçməyə borcludur, hər nə olur olsun, həyat yoldaşına tabe olmalıdı” - deyib bu yanaşmanın bir zaman faciələr doğuracağını düşünməyənlər var. Acı həqiqətlərdən biri də budur ki, insanların əksəriyyəti qadına bir fərd, şəxsiyyət kimi deyil, əşya kimi baxır. Düzdür, hazırda cəmiyyətimizdə əsaslı dəyişikliklər, müəyyən sosiallaşma prosesi olsa da, problem tam olaraq həllini tapmayıb. Yenə "qadın insan içinə çıxa bilməz”, "qadın işləməz”, "sosiallaşa bilməz”- deyən kişilər var. Problemin kökü də məhz burdan gəlir. Ailədə maddi sıxıntılar olan zaman bu, hər kəsdən öncə qadını düşündürür. Niyə? Bayaq dediyimiz kimi, "qadın eyni zamanda anadı”... Maddi sıxıntıların olması onun övladını istədiyi kimi yetişdirə bilməməsi deməkdir. İşləmək istəyi, ailəyə və övladına dəstək olmaq arzusu bu gün bir çox Azərbaycan qadınının əlindən alınır.

...İş xanımından ev xanımına keçmə

Psixoloq Elnur Rüstəmov hər gün bu cür situasiyalarla rastlaşdığımızı bildirib. Onun sözlərinə görə, qadınların cəmiyyətdə sosial statusu əvvəlki illərlə müqayisədə daha çox artıb:

"Bu tək bizdə deyil, dünyada gedən qlobal proseslərlə bağlı bir məsələdir. Bizdə konkret olaraq keçən əsrin 90-cı illərində bu proses geniş vüsət almağa başladı. Çünki inkişaf etmiş ölkələr - ABŞ-ın özü bu mərhələni keçib və belə bir mərhələdə çox böyük çətinliklərlə üzləşiblər. Dünənə qədər bizdə gender bərabərliyi deyilərkən, bu, "feminizm” kimi başa düşülürdü. Ancaq bu gün gender bərabərliyi konkret olaraq kişi-qadın hüquqlarının eyni olması kimi qəbul edilir. Düzdür, bu gün də bu istiqamətdə basqılar var, bəzən zorakılıqlar eşidirik və yaxud digər kriminal halların şahidi oluruq, ailədaxili münasibətlərin pozulması baş verir. Bu hal bir müddətdən sonra tənzimlənəcək. Bu gün Azərbaycan kişisi də artıq qəbul edir ki, Azərbaycan xanımı əvvəlki kimi deyil. Düzdür, Azərbaycan kişisi yenə də Azərbaycan xanımını əvvəlki kimi görmək istəyir, ancaq reallıq deyilən bir şey var. Azərbaycan kişisi daha çox öz üzərinə yatırım etməlidir, özünü inkişaf etdirməlidir, bəzi məsələlərə tolerant yanaşmağı qəbul etməlidir, qadına əşya kimi yox, bir insan kimi, fərd və şəxsiyyət kimi yanaşmağı bacarmalıdır. Çünki bu faktdır, bunun qabağını hansısa yollarla almaq bir qədər çətindir. Qəbul edək ki, hazırda işləyən xanımlarımız var. Həmçinin əvvəlki illərlə müqayisədə zərərli vərdişlərdən də asılı olan xanımlarımız çoxdur.
Məsələn, adi boşanma statistikasına baxaq, görək ən çox boşanma ərizəsini kim verir. Bu gün xanımlar boşanmaya daha çox müraciət edirlər, nəinki kişilər. 

Bu da sosial-psixoloji bir problemdir - boşananlar əsasən xanımlardır, kişilər deyil. Xanım fikirləşir ki, "əgər mən işləyirəmsə və bunun müqabilində diqqət və hörmət görmürəmsə, o ailədə niyə qalmalıyam?”. Əlbəttə, müxtəlif formalarda biz bu etirazları görürük. Etirazlardan biri də gec ailə qurmaqdır, ailədə uşaq sayının az olmasıdır. Bir sözlə, müxtəlif formalarda etirazlar görürük. Bütün bunlar kişilərimizdən daha anlayışlı və çevik olmalarını, onların belə prosesə dözümlü yanaşmalarını tələb edir. Bu gün əvvəlki illərlə müqayisədə ailələrdə uşaq sayı azdı.

Tutaq ki, qadın işdən evə gəlir və iş xanımından ev xanımına keçir. Bu obrazların zaman-zaman dəyişməsinin özü psixoloji gərginliyə, narahatçılığa səbəb olur. Bu məsələ kiçik bir problem kimi dəyərləndirilə bilməz”.

E.Rüstəmovun fikrincə, problemin həlli üçün maarifləndirmə işinin aparılması vacibdir: 

"Əgər bu sahədə xüsusilə kişilərin maariflənməsi olarsa, bir müddətdən sonra artıq bu proses özü tənzimlənəcək. Məsələyə birtərəfli yanaşmaq olmaz. Qabaqlar qız nişanlı olurdusa və nişanı qayıdırdısa, onun yenidən ailə qurmağında problemlər olurdu. Lakin indi qadınların 2-3 dəfə ailəli olması problem deyil. Həmçinin əvvəlki illərdə xanımların işləməyini az qala faciə kimi qəbul edirdilər. Ya da xanım avtomobil idarə edirdisə, kimsə deyirdi ki, "bu nədi, bu bizim nəslimiz üçün uyğun deyil”. Amma artıq o nəsil bunu qəbul edib. Bütün bu mərhələləri keçmişik. 2-ci dəfə ailə quran xanım fikirləşirdi ki, insanlara nə deyəcəm? Artıq bu problem əvvəlki kimi aktual deyil”.

...Qadınlar uşaq kimidir, onları xoşbəxt etmək çox asandır

Tanınmış teleaparıcı və jurnalist Cəlalə Nəzəroğlu hər şeydən əvvəl qadınların sevgiyə, diqqətə ehtiyacı olduğunu düşünür. Onun sözlərinə görə, adi bir xoş söz də problemin həllinə kömək ola bilər: 

"Hansısa kişi cəmi bircə gün səhər yuxudan durandan axşama qədər evli bir qadının həyat tərzini yaşasa, dəhşətə gələr. Qadın nə qədər yükü çiynində, beynində daşıyır?! Bəzən işə qəbulla bağlı qadının evli, körpə uşaqlı olması problem yaradır, düşünürlər ki, onda alınmaz. İnanın ki, bu, yalnız xarakter məsələsidir. Əgər bir qadın məsuliyyətlidirsə, o, məişəti işinə yaxın buraxmayacaq. O, işini dəqiqliklə görəcək, amma həm də paralel olaraq axşam bişirəcəyi yeməyin içinə hansı ədviyyatı qatacağına qədər hər şeyi hesablayacaq. Qadınlar bütün dövrlərdə və bütün şərtlər altında yaradılışdan güclü olublar. O qədər qadınlarımız var ki, ərsiz qalıblar. Kişi ya rəhmətə gedib, ya da ayrılıblar. Amma onlar heç kimə balalarını əmanət etməyiblər. Kişinin də yerinə işləyib ailəni dolandırıblar, övladlarına təhsil veriblər. İnsan psixologiyasının zəif olmasının, onun intihara meyl etməsinin qadın və ya kişi olması ilə əlaqəsi yoxdur. Bu, müxtəlif səbəblərdən qaynaqlanan ciddi problemdir. Kökünü qazan olsa, gedib körpəlik vaxtlarına da çıxa bilər. Bəs normal təfəkkürü, iradəsi, əzmkarlığı olan qadın nə zaman gücdən düşür? Tükənəndə... Tükənməmək üçün nəyə ehtiyacı var? Bir kəlmə şirin söz, bir isti baxış, bir isti əl, saçında gəzən xoş bir tumar. Qadın sevgi istəyir, dəyər istəyir, əzizlənmək istəyir. Heç kəs deyə bilməz ki, hansısa qadın bunu arzulamır və ya buna layiq deyil. Kənd-şəhər, varlı-kasıb, savadlı-savadsız, mühafizəkar-müasir anlayışlarının heç biri bir qadının sevgi və diqqətə olan ehtiyacını aradan qaldıra bilməz. Qadınlar uşaq kimidir, onları xoşbəxt etmək çox asandır!”.

...ana bətnində körpənin stress keçirməsi bugünkü bəladır

"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə cəmiyyətin əsas bəlası kimi stereotipləri qeyd edib. O bildirib ki, qanunlar yenilənsə də, insanlar müəyyən stereotipləri qıra bilmirlər:

"Bizim fəaliyyətimizdə stereotiplər, mental davranışlar üstünlük təşkil edir. Bu gün insanlarda ən çox rast gəlinən sosial-psixoloji problemlərdir. Bu problemləri cinsə görə təsnifləşdirmək mümkün deyil. Bəlkə də bu problemlər bizim müharibə dövründə yaşamağımızla əlaqədar olub. Bəlkə də hələ 90-cı illərdə ana bətnində olan körpələrin narahatlıq, stress keçirməsi bugünkü bəlamızın nəticəsidir. Keçid dövrü də bu cür problemlərin yaranmasına səbəb olan amillər sırasındadır. 90-cı illərin ortasında ölkədə bir keçid dövrü oldu. Lakin təəssüflər olsun ki, ailələr bu keçid dövrünü tamamlaya bilmədi”.

M.Zeynalovanın sözlərinə görə, qadın hüquqlarının qorunmaması da cəmiyyətdəki problemlərin say artımına təsir edir. Bundan başqa beyinlərin kifayət qədər informasiya ilə yüklənməsi də mənfi tendensiyalardandır:
"Biz informasiyanı kifayət qədər qəbul edirik. Bu səbəbdən bir çoxları deyir ki, qadınlar televiziyaya baxıb, serial izləyib dəyişdilər. Bəzi qadınlar qısa ətəyi azadlıq hesab etdi. Həmçinin sosial rolların dəyişməsi də ailədaxili problemlərin sayını artırıb. Artıq cəmiyyətdə sosial rollar dəyişib. Sosial rolların dəyişməsi qadınların çiynində böyük yük hesab edilir. Bundan başqa, qadın həmrəyliyinin olmaması da problemlərin həlli istiqamətində maneə yaradır. Çalışmalıyıq ki, qadınları problemlərinin həllinə istiqamətləndirək”.

Qeyd edək ki, bu gün ölkəmizdə qadınların özlərini reallaşdırmaları və ifadə etmələri üçün bütün imkanlar var. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi və ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə qadınlarımız onlar üçün yaradılan bu şəraitdən hərtərəfli yararlanırlar. Lakin bununla yanaşı, bir sıra sosial-psixoloji amillər, bilik və təcrübələrinin, özlərinə inam hissinin aşağı olması qadınları ictimai, siyasi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirir. Buna görə də, qadınlarla, eləcə də kişilərlə xüsusi maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Ümid edirik ki, belə layihələrin nəticəsində qadınlarımızın fəallığı daha da artacaq və onlar cəmiyyətimizin inkişafında yaxından, aktiv iştirak edəcəklər.
Yeganə Bayramova

Məqalə "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.